Avqustun 31-də Azərbaycanın 13 şəhər və rayonunda koronavirus pandemiyasına görə tətbiq edilmiş xüsusi sərtləşdirilmiş karantin rejimi başa çatır.
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətinin uzadılıb – uzadılmayacağı barədə hələ ki, qəti fikir bildirməyib. Son bir həftədə isə infeksiyaya yoluxanların sayı sağalanların sayını qismən üstələyib.
Bəs bundan sonra karantinlə bağlı hansı qərar veriləcək?
Uroloq-həkim Vasif İsmayıl Musavat.com-a bildirib ki, sərt karantin dövrü bitəcək, amma yumşaldılmış karantin rejimi davam edəcək. Onun sözlərinə görə, yaxın bir il üçün də yumşaldılmış karantin rejiminə hazır olmalıyıq.
V.İsmayıl hesab edir ki, avqustun 31-dən sonra növbəti açılımlar gözləniləndir: “Bağlanan digər iş yerləri, xidmət sahələri fəaliyyətini bərpa edə bilər.
Sadəcə, yaxın 1 il yumşaq karantin rejimi qorunacaq. Hətta peyvənd tapılsa belə, yumşaq karantin qorunacaq. Ancaq mən qadağaların tam ləğvinin tərəfdarı deyiləm, bunun doğru olduğunu düşünmürəm”.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 35426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.