Bu gündən etibarən Bakıda və 12 şəhər, rayonda sərt karantin rejiminin qismən yumşalmasına başlanıb.
Vətəndaşlar SMS icazəsi almadan sərbəst hərəkət edə biləcəklər, çimərliklər istifadəyə verilib, parkları, meydanları dolaşmaqda heç bir məhdudiyyət yoxdur. Sadəcə, beş adamın bir yerə toplaşması qadağan olunub, sosial məsafə gözlənməli, maska taxmalı, sıx təmasdan uzaqlaşmalıyıq.
Respublikanın Baş infeksionisti Cəlal İsayev əhaliyə çağırış edib ki, SMS icazə ləğv olunsa da, hər kəs məsuliyyətini anlamalı, maska taxmalıdır.
Onun fikrincə, Operativ Qərargahın son qərarları düzgündür və yoluxma azalsa da, heç də aşağı deyil: “Biz maydakı vəziyyətlə qarşılaşmaq istəmirik. Bu gün yoluxma tədricən azalır, amma gündəlik 200-300 nəfərdə koronavirus testinin pozitiv çıxması aşağı rəqəm deyil.
Əgər iki rəqəmli nəticələr olsaydı, karantinin bir qədər də yumşaldılması haqda düşünə bilərdik. Odur ki, vəziyyətə nəzarət olunur, nəticələr ümid verir, son qərarı düzgün qiymətləndirmək lazımdır”.
C.İsayev hesab edir ki, ehtiyatlı hərəkət etməliyik, insanlar səhiyyə orqanlarına kömək etməlidirlər: “Əgər avqustun 5-dən qaydalara riayət etməsələr, yenə yoluxma arta bilər. Neçə ölkə sərt karantin tədbirlərinə qayıtmalı olub. Bizdə cavanlar saymazlıq edirlər, səhlənkarlığa yol verirlər, amma arxayınlaşmaq olmaz, SMS icazə ləğv olunubsa belə, küçəyə çıxarkən maska taxmalısan, sosial izolyasiyanı gözləməlisən, əks halda xəstələnə bilərsən”.