Pandemiya ölkədə orta və kiçik sahibkarlığa ciddi zərbə vurub. Bu zərbəni alanlardan biri də kiçik sahibkarlıqla məşğul olan Dadaşov Səlim Nadir oğludur.
Onun Reportyor.info-ya dediyinə görə, hazıra banklarla ciddi problemləri var, kredit borclarını ödəyə bilmir, hər hansı dəstək yoxdur.
S.Dadaşov qeyd edib ki, devalvasiyadan əvvəl 19 min dollar kredit götürüb və ödəyə bilmir, iş məhkəmələrdədir. Onun sözlərinə görə, onsuz da ağır olan vəziyyəti pandemiya dövründə daha pisləşib:
“Bu gün kiçik sahibkarlıq boğulur. Biz əvvəl “Azərsu”, “Azəriqaz” və bu kimi qurumların layihələrinə mal-material verirdik. İndi həmin qurumların rəhbərləri də tenderlərində öz şirkətlərinin mallarını satdırırlar. Ona görə bu da vəziyyətimizə təsir edib.
Ümumiyyətlə, kiçik sahibkarlara güzəştli kreditlər şamil edilmir. Hökumət bu barədə tədbirlər görməlidir. Biz kefimizdən borc içində batmırıq. Pandemiya vaxtı mənə 6 aya cəmi 800 manat dövlət tərəfindən ödənilib.
Həmin vəsait heç işçimin bu neçə aylıq kirayə pulusu eləmir. Onun üç balası var, dolanışığını birtəhər təmin edirəm. Özümün iki uşağım, valideynlərim himayəmdədir, onları maddi cəhətdən təmin edə bilmirəm. Əgər belədirsə, onda sahibkar kimi nəyə görə fəaliyyət göstərməliyəm?”
S.Dadaşov prezidentə müraciət edib və dövlətdən dəstək istəyib.