Prezident İlham Əliyev gənclərdən ibarət komanda formalaşdırmağı davam etdirir. İndi hökumətdə milyonçu Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Eldar Mahmudov və sair kimiləri yoxdur.
Yəni ölkə başçısı komandasını sadə həyat tərzi sürən, oliqarx olmayan, özünü təsdiqləmək istəyən, karyera yüksəlişinə varlanmaq gözü ilə yanaşmayan gənclərlə qurmaqdadır. Elə son olaraq, təhsil naziri təyin edilən Emin Əmrullayevi qeyd etmək olar.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”ın sualını cavablandırarkən qeyd edib ki, başqa yol yoxdur və dəyişikliklərin çoxdan vaxtı çatmışdı. Onun sözlərinə görə, islahatların nəticəsi onu həyata keçirənlərin görəcəyi işdən asılıdır:
“Bu gün fərqli təhsil almış, müasir fikirli kadrların icra sisteminə cəlb olunması ölkənin müasir, müstəqil və demokratik inkişafı üçün atılan zəruri addımlardır.
Mən hesab edirəm ki, bunun davamı gəlməlidir və icra sistemində nəsil dəyişkənliyinin zamanı çoxdan yetişmişdi”. A.Mollazadə prezidentin həyata keçirdiyi bu islahatları yüksək qiymətləndirir, dəstəkləyir və uğurlu olacağına inanır.