Nə qədər simvolikdir – dara düşəndə, həyatımıza təhlükə olanda, başımıza bir iş gələndə, dələduzluqla, yaxud başqa bir qanunsuzluqla üzləşəndə “102”-yə zəng edirik.
Reportyor.info xəbər verir ki, bu gün 2 iyulda həmin 102 xidmətini yerinə yetirənlərin 102 yaşı olur.
Bəli, söhbət Azərbaycan Polisinin yaranmasının 102-ci ildönümündən gedir. Düz 102 ildir ki, Azərbaycan polisi şərəfli yol keçməkdədir.
Bu yolda yüzlərlə şəhid polisimiz, qəhrəman və rəşadətli polisimiz olub. Onlar vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən oğullardır.
Biz harada təhlükə, risk, ölümlə çarpışma varsa, orada polisimizi görmüşük – Qarabağ müharibəsində, mütəşəkkil cinayətkarlıqla mübarizədə, təbii fəlakət baş verəndə onlar fədakarlıq ediblər.
Bu gün onlar gözəgörünməz düşmənlə savaşda ön cəbhədədirlər – aylardır ki, gecə-gündüz, istirahət bilmədən, ailələrinin, övladlarının üzünü istədiyi zaman görmədən yollarda, küçələrdə xidmət başındadırlar, koronavirus bəlasının millətin başının üstündən bir kabus kimi birdəfəlik çəkilməsi üçün canla-başla xidmət göstərirlər.
Polislərimiz arasında da infeksiyaya yoluxanlar var, öz həyatlarını təhlükəyə ataraq virusun yoluxmasının qarşısını almaq üçün mübarizə aparırlar, karantin rejiminə necə riayət olunub-olunmadığına nəzarət edirlər.
Yəni, Azərbaycan polisi yay-qış, istidə-sazağda pandemiya ilə mübarizədədir. Bu gün – 2 iyulda polislər peşə bayramını belə koronavirusla mübarizə şəraitində qeyd edir.
Ölkədə sərt karantin rejimidir və onun təmin edilməsi polisin üzərindədir. Onlar isə bayramlarını istidə, boğanaqda yollarda, küçələrdə qeyd edirlər. Ona görə cəmiyyətin hər bir üzvü polisə mənəvi dəstək olmalı, onların peşəkar fəaliyyətini qiymətləndirməli, ruh yüksəkliyi verməlidir.
Məhz Daxili İşlər Naziri Vilayət Eyvazovun və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təlimatları, xüsusi nəzarəti, professional tapşırıqları sayəsində həm Çevik Polis Alayı, həm Dövlət Yol Polisi əməkdaşları pandemiya dövründə göstərdikləri yüksək səviyyəli xidmətlə bu sınaqdan ağ çıxırlar.
Azərbaycan polisinin karantin rejimindəki xidməti əxlaqı yüksək dəyərləndirilir, imanla həyata keçirilir. Həm təhlükəsizlik təmin edilir, həm də “Operativ Qərargahın” tələblərini icra etmək missiyası məsuliyyətlə yerinə yetirilir. Vətəndaşlarla nəzakətli davranılır, hərbi intizamla müşayət edilən xidmət zamanı səhlənkarlıq halları yoxdur. Polisin vəzifəsini icra edərkən peşəkarlıq dəyərləri, 100 il ərzində qazanılan təcrübəsi, cinayətkarlıqla mübarizə ənənəsi mənəvi dəyərlər qədər əhəmiyyət kəsb etdiyindən kiminsə qarşısında “Ayağa qalxmaq”, kiminsə zahiri görünüşünə görə “bağışlamaq” hüququ qapanıb.
Polisin etik davranış qaydaları, Polis və Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunların tələbləri, insan hüquq və azadlıqlarının hamılıqla tanınmış normaları və prinsipləri ona mənəvi dəyərlər qədər müqəddəsdir. O, bu dəyərlərdən kənar fəaliyyətini qura bilməz.
Amma, hamı üçün ağır olan belə bir vəziyyətdən sui-istifadə etmək istəyənlər də az deyilmiş. Belələrinə nə ad vermək olar?
Saxta icazələr, avtomobilin baqajında gizlənib ləyaqətini alçaltmaqla davam edən faktları eşitdikcə təəssüf hissi keçirməmək olmur.
Sözsüz ki, belə gərgin vəziyyətdə, aylardır davam edən karantin şəraitində hər bir kəsin psixoloji əhval-ruhiyyəsi ürəkaçan deyil, insanlar yorulublar, həyat ritmindən çıxıb, digər tərəfdən yoluxmalar artır və bu situasiyada hansısa polis əməkdaşının nöqsana yol verməsi istisna deyil, təbiidir.
Əsas budur ki, nöqsana yol verən polislər cəzalandırılıb, tənbeh olunub. Lakin ümumilikdə bu, polisin işinə qiymət vermək üçün əsas ola bilməz.
Çünki prezidentin və DİN rəhbərliyinin təlimatları əsasında polisimiz postlarda peşəkar bir iş qurub. Biz evimizdə oturub telefonla gündəlik xəbərləri izləyərkən, onlar peşə bayramlarını postlarda qeyd edirlər.Reportyor.info xəbər verir ki, 102 yaşı tamam olan Azərbaycan polisi bu müddət ərzində xeyli dərəcədə yenilənib, dəyişib.
Xüsusən V.Eyvazovun yenicə 1 ili tamam olan nazir postunda həyata keçirdiyi islahatlar, yeniliklər, polisin fəaliyyətindəki çatışmazlıqları aradan qaldırması belə deməyə əsas verir ki, DİN sistemi gündən-günə həm maddi-texniki, həm peşəkarlığı cəhətdən müasirləşir. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirib, işini müasir dünyanın çağırışlarına uyğun qurub.
Bu sistemə aid yüzlərlə yeni obyekt tikilib. Cinayət hallarına qarşı mübarizə, ictimai asayişin təminatı məqsədilə minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb.
Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatdırılıb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar.
Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Biz bunu birmənalı başa düşməli və qəbul etməliyik.
Ölkəmizin inkişafını, beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələr yerlərdəki xəyanətkar və satqın əlaltıları vasitəsilə qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər.
Son vaxtlar isə polisi gözdən salmaq, guya polis əməkdaşlarının insanların hüquqlarını pozması, özlərinə aid olmayan məsələlərə müdaxilə etmələri barədə mənfi rəy formalaşdırmaq üçün cilddən-cildə girir, minbir fitnə-fəsada əl atırlar. Amma heç biri yapışmır.
Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir.
Onu da deyək ki, Vilayət Eyvazovun daxili işlər orqanlarında apardığı islahatlar artıq öz nəticəsini verməkdədir.
Struktur dəyişiklikləri, yeni təyinatlar öz sözünü deyir. Məsələn, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi dəyişdirildi.
Ötən zaman ərzində bu sahədə atılan addımlar və keçirilən əməliyyatların müsbət nəticələri oldu. Bu idarənin rəisi başqa xidmət sahəsinə göndərildi.
Yeni təyinatdan sonra idarənin işində əməlli dönüş yaranıb. 5-6 ay ərzində son 2-3 ildə keçirilən əməliyyatların sayından daha artıq uğurlu əməliyyat tədbirləri keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi dəyişdirildi. Nəticədə baş verə biləcək cinayətlərinin qarşının alınması yönündə yaxşı nəticələr əldə olundu.
Zabitlərin vətəndaşları qəbul etməsi, dinləməsi, yola salması tövrü dəyişib. Rayon polis idarələri rəislərinin, müavinlərinin vətəndaşların ərizə və şikayətlərinə baxması da müsbət mənada dəyişib.
Vətəndaşlarla davranışların yüksək səviyyədə, etik çərçivələrdə olması təmin olunub. Polis nəfərlərinin vətəndaşlarla davranışı da göz qabağındadır. Vilayət Eyvazov ona göstərilən etimadı tez bir zamanda doğrultdu.
Nəhayət, etiraf etmək lazımdır ki, məhz polisin sayəsində Bakı bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Məhz onların sayəsində biz günün istənilən saatında küçələrdə rahat şəkildə gəzirik.
Bax, bu fədakarlığınıza və xidmətlərinizə görə, 2 iyul bayramınız mübarək, cənab nazir və polislərimiz!!!
REPORTYOR.info
Arifə