Azərbaycanda pandemiya dövründə psixoloji cəhətdən gərgin olan və əsəbləri tarıma çəkilən insanları daha da aqressivləşdirməkdə maraqlı görünən lokal qruplar, marginal dərnəklər, ayrı-ayrı adamlar var. Son həftələrdə onlar həddən-ziyadə aktivləşiblər və virtualda “yetənə yetir, yetməyə bir daş atırlar”.
Bu “virtual bombardman” sayəsində özlərini “qəhrəman” kimi təqdim edən qrup üzvləri suyu bulandırmaqla məşğuldurlar.
Onlar dərin olmayan dünyagörüşləri ilə siyasəti çirkləndirir, ölkədəki ictimai-siyasi mühiti gərginləşdirir, iqtidar-müxalifət-cəmiyyət arasında sivil münasibətlərin yaranmasına qarşı çıxırlar.
Bu qruplar və uzantıları sosial mediada çox aktiv, güclü görünürlər, təşkilatlanmış bir forma alıblar. Zombiləşmiş və reallıq hissini itirmiş belə kateqoriyalı adamlar bütün yaxşı nə varsa imtina edirlər, inkarçılıq mövqeyindədirlər, saxta və aşkar profillərlə hücum kombinasiyaları qururlar.
Onlar Azərbaycanda bütün növ yumşalmanın, yaxınlaşmanın, siyasi münasibətlərdə normallaşmanın qabağının alınmasında maraqlı görünürlər.
Sanki bu statusda olan adamların missiyası körpüləri yandırmaqdan, hakimiyyətlə opponentləri arasında əlaqələrin Azərbaycan naminə yaxınlaşmasını linç etmək, satqın damğası vurmaqdan ibarətdir.
Təsəvvür edin, bir ziyalı, yaxud tanınmış sima Azərbaycanın siyasi rəhbərliyi haqda pozitiv fikir səsləndirirsə, iqtidarın rəqiblərinə olan münasibətini yumşaltmaq üçün hansısa jest edirsə, həmin adam mənəvi-psixoloji terrora məruz qoyulur, peşman edilir.
Onun dünən yazdıqlarına görə az qala heykəlini qoyanlar, bu gün neytral mövqe sərgiləməsi üstündə başını gilyotinə qoymağa hazır olurlar.
Bu, siyasi əlaqələrin inkişafı müstəvisində heç yaxşı hal deyil, qorxunc ssenarilərdən xəbər verir. Ölkədə düşmən mühiti yaratmaq, protest elektoratı, aktivistləri aqressivləşdirmək, nifrət toxumları səpmək, qisasçılığın təbliği yaxşı perspektiv vəd etməyə bilər.
Sonra idarəolunmaz bir proses, böhran və xaotik mərhələ başlaya, əngəllənməsi nonsens ola bilər.
Bütün bu gedişat belə əsas yaradır ki, ölkədə sosial partlayış yaratmaq, prosesləri öz nəzarətlərinə keçirmək istəyənlər var.
Onlar iqtidar olmağı belə görürlər. Bəs bu qorxunc prosesi necə dayandırmaq, yaxud yavaşlatmaq mümkündür?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində belə hərəkətlərə yol verənlər öz zəifliklərini ortaya qoyurlar.
Deputatın fikrincə, özlərinə yer tapmayanlar, inkişafa töhfəsi olmayanlar hamını yeri gəldi-gəlmədi qınamaqla iqtidar-müxalifət və cəmiyyət arasında bir harmoniya yaranmasına maneçilik törədirlər.
A.Mollazadə hesab edir ki, bu kiçik qrupları böyütməyin əleyhinədir və əhəmiyyət verməməyin tərəfdarıdır: “Tərbiyədən uzaq, Azərbaycanın adət-ənənəsinə, mental dəyərlərinə zidd addım atanlar var.
Onların hərəkətlərinə fikir verəndə özlərini meydanda güclü sayırlar. Halbuki bu adamlar heç yoxdurlar, mövcudluqlarını göstərmək istəyirlər”.




















