Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Razi Nurullayev çıxış edib. “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat maliyyə naziri Samir Şərifova və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova sual ünvanlayıb.
Deputat deyib: “Hörmətli Samir müəllim, 2015-ci ildən bu sualı sizə vermək istəyirəm. Bu sualı həm də ölkənin Mərkəzi Bankının sədrinə ünvanlayıram. İstərdim ki, Elman müəllim də cavab versin.
Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin “Mariana çökəkliyi” dəriniyində çat verməsində, bunun nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində özünüzün məsuliyyət daşıdığınızı qəbul edirsinizmi?
O zamanın və bu günün maliyyə naziri kimi sizin məsuliyyətiniz və günahınız olmayıbmı? Cavabınıza görə təşəkkür edirəm və xahiş edirəm ki, sərt sual olsa da, bilin ki, sizə hörmətdə qüsur etmək istəməzdim və sualın sərtliyini şəxsinizə qarşı dəyərləndirməyin”.