Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb. Bu barədə gununsesi.org saytı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sabiq Baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb.
Buna səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.
Xəbəri təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədəliyib : “Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb”.
T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: “Mənim barəmdə Gürcüstanda guya cinayət işi başlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.