Son günlər Xarici İşlər naziri Elmar Məmmədyarov bu dəfə övladının toyunda erməni mahnısı oynamaqda, Nyu-Yorkda oğlanlarına 4 milyonluq mənzil almaqda ittiham edilir.
Eyni zamanda, XİN rəhbərinin Qarabağ münaqişəsi ilə bağlı erməni həmkarlarına zəif, qeyri-adekvat cavablar verməsi tənqid edilir, Azərbaycan diplomatiyasındakı hər hansı uğursuzluqların məsuliyyəti onun üzərinə qoyulur.
Nazirin bu dəfə peşə fəaliyyətindən kənara hədəfə gəlməsi diqqət çəkir. Bəzi şərhçilərin fikrincə, 16 ildir ki, bu postda oturan, Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bir uğuru olmayan XİN rəhbərinin getmək vaxtı çoxdan çatıb.
Deputat Fazil Mustafa Musavat.com-a bildirdi ki, kimisə bəyənməmək olar, amma onun siyasi fəaliyyətinə görə tənqid etmək lazımdır.
Deputatın sözlərinə görə, ola bilsin, toyla bağlı məlum video montajdır, cəmiyyət də araşdırmamış naziri həfəfə alıb. F.Mustafa E.Məmmədyarovun xarici siyasətini tənqid etməyin, iradlar bildirməyin tərəfdarıdır:
“Yoxlanmamış, təsdiqlənməmiş faktlara görə tənqid etmək yanlış ənənədir. Hətta ola bilsin ki, nazir oynayarkən mahnının mənşəyindən xəbəri olmayıb.
Buna görə adamı ləkələmək olmaz. Sənin sözün varsa, ortalıqda korrupsiya faktı varsa tənqid etmək olar. Yoxsa nazir belə gülürdü, belə oynayırdı, filan musiqiyə oynamışdı, belə cahil yanaşma olmaz”.
Deputat hesab edir ki, siyasətçiyə bu kontekstdə qiymət verməyin əleyhinədir:
“Sən deyə bilərsən ki, xarici siyasəti bərbad günə qoyub, amma şəxsi həyatından bizə nə? Hesab edirəm ki, yanlış tendensiyadır və linçetmə kampaniyasıdır. Söymək istəyirsən get, xarici siyasətdəki əməllərinə görə söy”.