Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanasının Ramazanla bağlı təqviminə əsasən sabah Azərbaycanda bayram gününə təsadüf edir. Əgər bayramla bağlı qeyri-adi nələrsə baş verərsə onda xalqa məlumat veriləcək.
Bunu Reporyor.info-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bu gün bayram axşamına, sabah isə bayram gününə təsadüf edir:
“Bayram günü oruc tutmaq haramdır. Əgər insan bilirsə ki, bayram günüdür, o gün oruc tuta bilməz. Çünki istər Ramazan, istərsə də Qurban bayramında oruc tutmaq haramdır, qadağandır. Əgər şərait varsa, insanlar bayram namazına qatıla bilirlər, camaatla birgə namaz qılırlar.
Əslində bayram namazları camaatla birgə qılınmalıdır. Buna şərait yoxdursa, insanın evində ailəsi ilə birgə iki rükət bayram namazı qılması savabdır. İnsan oruc halda bayram namazı qıla bilməz.
Gərək orucunu açsın, daha sonra bayram namazını qılsın. Sübh namazından Zöhr namazına qədər olan müddətdə bayram namazı qılına bilər. Bayram axşamı çıxarılan Fitrəni də bildiyi, tanıdığı yoxsul insana verə bilər, bunun üçün ən gözəl vaxt Zöhr namazına qədər olan müddətdir”.