Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.
Məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu dövlətin bu addımını alqışladığını deyib: “İndi böyük bir bəla var, həbsxanada olan məhbuslar da öz ailələrinin yanında olsunlar. Buraxılanların çoxu 65 yaşdan yuxarıdır.
Siyahıya baxdım, amma hamısını tanımıram, çünki biz siyasi məhbus və ərizə yazan insanlarla məşğuluq. Ərizə ilə müraciət edənləarin arasında da yaşlılar var idi.Ədliyyə Nazirliyi bundan əvvəl 200 nəfəri də azadlığa buraxdı. Bunların hamısı müsbət addımdır,dəstəkləyirəm”.
Novella Cəfəroğlu siyasi motivlərlə tutulan insanların da azadlığa buraxılmasını çox istədiyini vurğulayıb: “Həmin insanları da buraxsınlar, bu da humanist bir addım olsun. Nəticədə ailələrə, cəmiyyətə, beynəlxalq təşkilatlara cavabımız olardı.
Bu gün Nardarandan bir oğlanın atası zəng vurub, çox narahatdır ki, onun oğlu xəstədir. Ona görə düşünürəm ki, xəstə uşaqları da buraxmaq olar. Çox adam zəng vurur ki, bizim uşaqlarımız orada qalıb. Ailələr narahatdır. Biz istəyərdik ki, onlar da azad olsun ”.
Qeyd edək ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.