İndi Abşeron rayonunun Xırdalan şəhərinin görkəmi tam dəyişməkdədir. Əvvəllər Xırdalanın mərkəzi küçələrindən keçmək cəhənnəm əzabı idi.
Dağılmış, çala-çuxur, bərbad yollar, tıxaclar, basabas, böyük vaxt və enerji itkisi, acınacaqlı bir mənzərə…
Amma son günlərdə şəhərdə gedən yenidənqurma işlər ilə bərabər yolların abadlaşdırılması, yeni asfalt örtüyünü çəkilməsi Xırdalanı müasir, ürəkaçan bir şəhərə çevirib.
Reportyor.info-nun əməkdaşları Xırdalan küçələrində gedən işlərlə tanış maraqlananda şahid olublar ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin bütün yolları asfaltlanır.
Müxbirlərimiz öyrəniblər ki, hazırda əsas işlər Xırdalanın Qalubiyyə küçəsində gedir.
Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası zamanı qazılan Qalubiyyə küçəsinə prezidentin sərəncamına uyğun olaraq AAYDA tərəfindən yeni asfalt örtüyü döşənir.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Ümumiyyətlə, prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən Xırdalanın küçə və prospektlərində yenidən asfalt örtüyü vurulması işləri davam edir.
Şəhər sakinləri ilə söhbətləşən əməkdaşlarımıza bildirilib ki, Xırdalan dəyişir, onların yol dərdi bitməkdədir, nəqliyyatın hərəkəti son dərəcə yaxşılaşacaq.
Bu fikirləri həmsöhbət olduqları avtobus və taksi sürücüləri də təsdiqləyiblər. Onların sözlərinə görə, insanlar yollarda əziyyət çəkirdilər.
Bu da haqlı narazılığa səbəb olurdu. Amma görülən təmir və asfaltlama işləri sakinləri bu məşəqqətlərdən xilas edib. Sakinlərin dediyinə görə, Xırdalanın bütün küçə və yolları, ara məhəllələri asfaltlanması nəzərdə tutulub.