ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü axşam saatlarında Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verib. Virtualaz.org xəbər verir ki, 6 saata yaxın davam edən debatlardan sonra səsvermə Bakı vaxtı ilə səhərə yaxın başa çatıb.
Nümayəndələr Palatasında çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiqləyərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident edib. Səsvermənin nəticələrinə əsasən prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə və Konqresin araşdırmalarını əngəlləməkdə təqsirli bilinib.İmpiçment ittihamlarını araşdırdıqlarına görə Demokratları sərt tənqid atəşinə tutan Trampın yanvar ayında Senatda mühakimə olunacağı gözlənilir.
Senatdakı Respublikaçı çoxluq Trampın prezident vəzifəsindən kənarlaşdırılması ehtimalını azaldır ki, bu da Ağ Evə ikinci müddətə yiyələnməyə can atan Trampın siyasi taleyini 2020-ci ildə seçicilərin öhdəsinə buraxmış olacaq.
Prezidentin Respublikaçı tərəfdarları isə Trampın Ukrayna hökumətini sabiq vitse-prezident və 2020-ci il seçkilərində mümkün rəqibi Co Bayden və onun oğlu Hanter Bayden üzərində təhqiqata çağırmaqla yanlışlığa yol vermədiyini iddia ediblər.
İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.
Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.
Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.
Səsvermənin nəticələrinə Miçiqanda tərəfdarları qarşısında şərh verən Tramp deyib ki, bununla Demokratlar partiyası “siyasi intihar” etmiş olur. Onun sözlərinə görə, Konqresin aşağı palatasının qəbul etdiyi qərar “qanunsuzdur və siyasidir”. Tramp Senatın ona bəraət qazandıracağına əmin olduğunu bildirib. Senatda Respublikaçılar çoxluq təşkil edir.