Ötən gün axşam saatlarında onlayn medianın Azərbaycan seqmentində manşetləri qırmızı başlıqlar bəzəyirdi: Azərbaycan prezidenti İlham Əliyev RusiyaTəhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu informasiyanın cari əhəmiyyəti ondan ibarət idi ki, səhər saatlarında YAP-ın deputatı Siyavuş Novruzovun “Amerikanın səsi” radiosuna dedikləri əyani şəkildə isbatını tapırdı.
İ.Əliyevlə N.Patruşevin görüş xəbərinin axşam saatlarında yayılmasında aktual olan əsas məsələ isə nələrin müzakirəsi, nə üçün gəlişi idi.
Reportyor.info xəbər portalının analitik mərkəzi yazır ki, Patruşevin Bakıya gələcəyi qabaqcadan məlum idi. Avqustun 12-də Ermənistana səfər etmiş Rusiya TŞ katibinin Azərbaycana gəlişi bir sıra beynəlxalq və regional məsələlərin müzakirəsi, Bakının mövqeyinin bir daha öyrənilməsi baxımdan vacib idi. Moskva arxayın olmaq istəyirdi ki, dost ölkə regionda baş verən hadisələrlə bağlı hansı strateji addımlar atmağa hazırlaşır.
İlk növbədə bir neçə gün əvvələ baxmaq, Avropa İttifaqının Azərbaycanla münasibətlərdə hansı əngəllərin olduğunu açıqlamasını yada salmaq, mühümdür. Brüssel Bakı ilə problemlərin detallarını açıqlamışdı.
Deyilirdi ki, 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var.
Xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, ölkəsi razılaşmanın indiki komissiyanın səlahiyyət müddətinin başa çatmasına qədər imzalanacağına ümid edir. Yunkerin komissiyasının səlahiyyətləri isə bu il noyabrın 1-də başa çatır.
Lakin bu hədəfə nail olmağın qeyri-mümkünlüyü getdikcə daha çox aydın olur. Noyabra az qalıb, tezliklə Aİ ilə asssosiativ sazişin bağlanacağına ehtimal azdır.
Üstəlik, Patruşevin Bakı səfərində bu məsələyə toxunacağı istisna deyil və qeyri-rəsmi məlumatlara görə, Moskva “Şərq Tərəfdaşlığı” sazişinin imzalanmasını arzulamır. TŞ katibinin Kremlin bu istəyini Bakıya çatdırmağa gəldiyini təxmin etmək olar.
Bu səfərin təkcə beynəlxalq və regional nöqteyi-nəzərdən əhəmiyyət kəsb etdiyini söyləmək olmaz.
Patruşevin gedişindən sonra daxili idarəçilikdə incə dəyişiklikləristisna deyil. Lakin əsas məsələ Aİ ilə saziş və İran olduğu görünməkdədir.
***
Patruşevin Bakı səfərinə işıq salan erməni mediası isə bəzi məqamlara toxunub. Strateq.az lragir.am portalına istinadən xəbər verir ki, əvvəlcə bu yaxınlardakı qalmaqalı xatırlamaq olar: Azərbaycan XİN İran və İraqa hücum üçün İsrailin Azərbaycanda dronlar yerləşdirdiyi haqda məlumatı bir həftə boyunca iki dəfə təkzib etməli olub.
Rusiya Azərbaycandan şübhələnirmi ki, o, İrana mümkün hücumlar üçün əməliyyat meydanı olmağa razılaşıb?
Rusiya və İran indi Suriyada sıx əməkdaşlıq edir, bir də, çətin ki, Moskva burnunun ucunda, Azərbaycanda anti-İran əməliyyat meydanı, başlıcası isə nəzarət edilməyən yüksək texnologiyalı aparatlar əldə etmək istəsin.
Nikolay Patruşev avqustun 12-də İrəvanda olub. Onun səfəri və görüşləri haqda, demək olar, məlumat yoxdur. Rusiya tərəfinin məlumatında qeyd olunub ki, Nikol Paşinyanla görüşdə “həmsöhbətlər beynəlxalq gündəliyin bir sıra aktual problemlərinə, xüsusən də Suriya xalqına humanitar yardım göstərmək və Suriyada dinc yaşayışı bərpa etmək məsələsinə toxunublar”.
Ermənistan hökumətinin rəsmi məlumatında Suriyanın adı çəkilmir. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan Azatutyun Radiosuna izah edib: “Məsələ Rusiya tərəfinin təşəbbüsü ilə qaldırılıb”.
Karapetyan deyib: “Təbii, Rusiya Ermənistanın Suriyada humanitar missiyaya qatılmaq qərarını yüksək dəyərləndirir”.
Bu arada, Ermənistan qəzetləri yazırlar ki, Patruşev Suriyadakı missiyanı genişləndirməyi təklif etmək üçün Ermənistana gəlmişdi. Fikir var ki, Patruşev Rusiyanın Amulsar mədəninə görə də mövqeyini ifadə edib.
Paşinyan Patruşevin səfərindən sonra özünün iki baş müşavirini və köməkçisini işdən çıxardıb.
Ermənistan Britaniya-Amerika şirkəti tərəfindən Amulsarın istismarına qadağa qoyub. Yəni, Moskvanın ürəyincədir…
Reportyor.info analitik mərkəzi