Şəmkirdə əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, qadın bədəninin 70 faizinin (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılmışdı. Mətanət Məsimovanın anası, 54 yaşlı Səltənət Məmmədovanın da vəziyyəti kritikdir. Ona dərin nekrozlaşmış yanıq diaqnozu qoyulub. Həkimlərin bildirdiyinə görə o, həyati təhlükə altındadır.
Qeyd edək ki, hadisə ötən gün Şəmkirin Sarıtəpə kəndində baş verib. Gecə saat 3-də keçmiş qaynatasının evinə gələn Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə mənzili yandırıb. Yanğın zamanı evdə olan oğlu, 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.