İrəvanda sülh şəraitində həyatını itirmiş əsgərlərin anaları aksiya keçiriblər.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında aksiyada iştirak edən qadınların Paşinyana ünvanlanan ittihamları yer alıb.
Övladları cəbhə xəttində deyil, adi xidmət zamanı həlak olan analar bildiriblər ki, baş nazir Paşinyan ötən ilin iyul ayında onlara verdiyi sözü tutmayıb. Belə ki, həmin vaxt bir qrup qadını qəbul edən baş nazir onların övladlarının gerçək ölüm səbəbinin araşdırılacağını və günahkarların mütləq cəzalandırılacağını demişdi. Lakin bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortada heç bir nəticə yoxdur.
Əsgər analarından biri deyib ki, bu məsələ ilə bağlı yaradılmış xüsusi komissiyanın fəaliyyəti bərbad vəziyyətdədir: “Ekspertlər ümumiyyətlə istintaq materiallarından xəbərsizdirlər. Həmçinin işə bizim əvvəllər narazı qaldığımız və vicdanlı olmalarına şübhə etdiyimiz müstəntiqlər cəlb olunublar…”
Aksiya keçirən qadınlar bildiriblər ki, Paşinyan verdiyi sözü tutmayıb və bu cinayət hadisələrilə bağlı hər hansı ciddi araşdırma aparılmasından söhbət belə gedə bilməz.