
25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə Fərhadov Akif Maşallah oğlunun və Həziyeva Aynurə Arif qızının toy mərasimi olub.
Cütlüyü təbrik edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, biz toylarımızı digər işğal olunan rayonlarımızda da etməliyik, amma bunun üçün ilk növbədə torpaqlarımız işğaldan azad olunmalıdır:
“Cocuq Mərcanlıda toyu olan cütlüklərə görə mən də sevinirəm və onları təbrik edirəm. Cocuq Mərcanlı torpaqlarımızın çox kiçik bir hissəsidir, biz toylarımızı Şuşada, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, bir sözlə, Qarabağda etməliyik. Təkcə, Cocuq Mərcanlı ilə özümüzü aldada bilmərik. Qarabağ hələ ki, işğal altındadır və çalışırlar ki, bizi təslimçi sülhə vadar etsinlər, amma kimliyindən asılı olmayaraq biz buna imkan verə bilmərik. Biz Cocuq Mərcanlıdan tutmuş Xankəndinə qədər bayrağımızı qaldırmalıyıq. Cocuqmərcanlıda görülən işlərə görə sağ olsunlar, minnətdarıq, amma bu gün bizim on rayonumuz işğal altındadır, onları azad etməliyik. Bir kəndimizi işğaldan azad etməklə sevinə bilmərik. Düşünürəm ki, bəzən özümüz-özümüzü aldatmaq istəyirik, buna isə yol verilməməlidir. Lazım olarsa, axırıncı qanımıza qədər töküb torpaqlarımızı işğaldan azad edəcəyik. İki əmimoğlu Qarabağ savaşında şəhid olub və lazım olacaq, özüm də şəhid olacam. Mən də istəyirəm ki, gedib o torpaqlarımızdakı bulaqlardan su içəm. Gəlin bir az ayıq olaq, yaltaqlanmaqdan kənara çəkilib, Qarabağ məsələsində hamımız yumruq kimi birləşək, Ali Baş Komandanla bir yerdə olub onun ətrafındakı satqınlara imkan verməyək ki, ölkə başçısını aldatsınlar.