Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında rayonlardan birində aparılan abadlıq işləri zamanı şəhidlərin şəkillərinə edilən hörmətsizdən yazıb.
Reportyor.info Axşam.az-a istinadən xəbər verir ki, aparıcının yayımladığı görüntülərdə şəhidlərin şəkillərinin üzərinin rəngləndiyi əks olunub.
“Sonra da deyirlər ki, bəzi icra başçılarını yerli sakinlər sevmirlər. Axı niyə sevsinlər? Çünki onlar tapşırıq verəndə insanların hisslərini, şəhid ailələrinin qəlbini düşünmürlər. Abadlıq adı ilə iş görmək olar, amma bunu da vicdanla, insana hörmətlə etmək lazımdır. Əgər şəhidlərin şəkilləri divardan çıxarılırsa, valideynlərə izah edilməliydi ki, burada təmir işləri aparılır, şəkillər isə sonra yenidən qoyulacaq. Yaxud da deyilməliydi ki, şəkilləri müvəqqəti evinizdə saxlayın. Bu qədər sadə!
Amma məsələ belə həll olunmur. Çünki bəziləri kresloda oturub yalnız göstəriş verməyi bacarır, amma insanın qəlbinə toxunmamağı bacarmır. Dövlət başçısı hər dəfə şəhidlərdən danışanda gözləri dolur, şəhidlərimizə xüsusi önəm verir, onların ruhunu uca tutur. Amma bəzi məmurların hərəkətləri sanki bunun tam əksini göstərir. Onlar elə addımlar atırlar ki, anaların, vətəndaşların nifrətini qazanırlar.
Mən bilmirəm bu hadisə hansı rayonda baş verib. Amma bir şeyi dəqiq deyirəm: belə tapşırıq verən şəxs dərhal işdən qovulmalıdır. Çünki bu, sadəcə bir səhv deyil – bu, şəhidin ruhuna, valideynin ürəyinə, vətəndaşın hissinə hörmətsizlikdir” deyə, Tolik bildirib.
O, daha sonra hadisənin Göygöl rayonunda baş verdiyini vurğulayıb:
“Ayıb olsun. Göygöl rayon icra hakimiyyətinin bu sahə üzrə işçilərinə. Bu nədir? Sizin vicdanınız yoxdur? Ərəbdən fərqiniz nədir?”.
Qeyd edək ki, ötən gün Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.