ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş meneceri Paul Manafort Londondakı Ekvador səfirliyində Culian Assancla gizli danışıqlar aparıb. “The Guardian” qəzeti Manafortun Trampın kampaniyasına qoşulan dönəmdə də “WikiLeaks” saytının yaradıcısına baş çəkdiyini yazır.
Mənbələrin qəzetə deməsinə görə, Manafort 2013, 2015 və 2016-cı ildə Assancla görüşə gedib. O, Tramp Ağ evdəki baş post uğrunda kampaniya aparan zamanı aparıcı fiqur sayılırdı.
Manafort isə bəyanat yayaraq Assanla görüşmədiyini bildirib. “Mən Culian Assanc, yaxud onunla əlaqəli heç kəslə görüşməmişəm. “WikiLeaks”-ə bağlı heç kəs heç vaxt mənimlə nə birbaşa, nə də dolayısı ilə əlaqə saxlayıb”, – o, bəyanatında yazıb.
“Th Guardian” Manafortun Assancla niyə görüşmək istəməsinin səbəbinin bəlli olmadığını bildirir. Amma qəzet yazır ki, bu görüşün xüsusi prokuror Robert Mülleri maraqlandıracağı şəksizdir. Müller Trampın seçki kampaniyası ilə Rusiyanın əlbirlik iddialarını araşdırır.
Yaxşı informasiyalı mənbənin qəzetə deməsinə görə, Manafort 2016-cı ilin martında Assancla görüşə gedib. Bir neçə ay sonra “WikiLeaks” Demokrat partiyasının Rusiya kəşfiyyatçıları tərəfindən oğurlanmış emaillərini yayıb.
69 yaşlı Manafort bu haker hücumuyla bağlılığı olmadığını, iddianın “100% saxta” olduğunu bildirib. Vəkilləri də qəzetin suallarını cavablandırmaqdan imtina edib.
“WikiLeaks” bir neçə tvit yayaraq Assancla Manafortun görüşmədiyini bildirib. Assanc isə bu əhvalatı uydurma adlandırıb.
Manafort bu il həbs olunub. Onun Müllerin istintaqında əsas şahid olacağı gözlənirdi. Amma Müller bazar ertəsi bildirib ki, Manafort dəfələrlə Federal Təhqiqat Bürosuna yalan danışıb, baxmayaraq ki, iki ya öncə əməkdaşlıq edəcəyi ilə bağlı razılaşma əldə olunmuşdu.
Qeyd edək ki, Trampın seçkidəki rəqibi Hillari Klinton uduzmasının bir səbəbi kimi həmin emaillərin yayılmasını göstərmişdi. (azadlıq.org)