Rusiya ordusunun cümə günü gecə Xarkova endirdiyi raket zərbələri nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Qurbanlar arasında 12 yaşlı oğlan və bir qız da var.
Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, raketlərdən biri beşmərtəbəli binaya düşüb. Nəticədə 3-5-ci mərtəbələr dağılıb və yanğın baş verib.
Sinegubov bildirib ki, Rusiya hərbçiləri ikiqat zərbə taktikasından istifadə ediblər:“Həkimlər və xilasedicilər hadisə yerinə gələndən sonra onlar yenidən atəş açıblar. Nəticədə bir tibb işçisi yaralanıb, təcili tibbi yardım maşınına ziyan dəyib”.
Prokurorluğun məlumatına görə, Rusiya hərbçiləri Belqorod vilayəti ərazisindən Xarkov istiqamətinə S-300 və S-400 raketləri atıblar. Ümumilikdə beş raket atılıb, bir raket beşmərtəbəli yaşayış binasına, digərləri onun yaxınlığına düşüb. 20-dən çox çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, özəl müəssisə dağıdılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçukun sözlərinə görə, mayın 31-nə keçən gecə Rusiya hərbçiləri dörd “Şahed” tipli pilotsuz təyyarə ilə Ukrayna ərazisinə hücum edib və Xarkovu beş S-300/S-400 zenit-raket kompleksi ilə vurublar. Paytaxt Kiyevə isə “İsgəndər” tipli TO qanadlı raketləri ilə zərbə endirilib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kiyev, Zaporojye və Dnepropetrovsk vilayətlərində dörd pilotsuz təyyarəni, həmçinin Kiyev vilayətində qanadlı raketi vurub.
Ukraynanın energetika şirkəti DTEK bildirib ki, səhər saatlarında Kiyevin rayonlarından birində vurulan Rusiya raketinin qalıqlarının düşməsi nəticəsində transformator yarımstansiyası məhv edilib, şəhərin bəzi əraziləri işıqsız qalıb.
Rusiya qoşunları şimal-şərqdə irəlilədikcə Xarkov bölgəsi gündəlik raket zərbələrinə və hava hücumlarına məruz qalır. Mayın 30-na keçən gecə Rusiya hərbçiləri Xarkov və bölgəyə ümumilikdə 8 zenit raketi atıb. Yeddi nəfər yaralanıb. Mayın 25-də raketlərlə“Epicenter” hipermarketi vurulub, nəticədə 19 nəfər həlak olub.




