“Qarabağdan köçmüş ermənilərə ikinci dərəcəli insanlar kimi baxmaq artıq Ermənistanda təbii hadisəyə çevrilib”.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, onlar keçmişdə Ermənistan büdcəsindən aldıqları yardıma görə töhmətə məruz qalırlar. “Deyirlər: qayıdın öz Qarabağınıza. Onlara “sizin Ermənistanda hakimiyyətin dəyişdirilməsini tələb etməyə haqqınız yoxdur” deyirlər”.
Bu əsnada, məlum olub ki, vaxtıyla Qarabağda yaşadıqları dövrdə ermənilərə Ermənistan pasportu verilsə də, hazırda həmin sənəd etibarsız sayılır. “Onların Ermənistan pasportları yalnız kodu 050 və ya 060 deyil, 070 olduğuna görə etibarsız sayılıb”.
“Hraparak” iddia edir ki, son antiterror əməliyyatından sonra Xankəndini könüllü tərk edənlərə iş verilməsi də problemə çevrilib. “Ermənistan hökuməti Qarabağdan gələnləri işlə təmin etməyə hazır olduqlarına dair yüzlərlə elan versə də, heç biri iri şəhərlərə aid deyildi. Yalınız ucqar kəndlərdə müəllimlik və digər aşağı maaşlı işlər təklif olunur. Digər işlərdə çalışmaq isə onlara qadağandır”.
Qeyd edək ki, Ermənistanda yaşayan ermənilərlə Qarabağda yaşayan ermənilər arasında hər zaman ixtilaf olub. Bu ixtilafın bir səbəbi separatçılara baş əyən ermənilərin İrəvanda yaşayanlara problem yaratması və bir çox mövzularda fikir ayrılıqları olubsa da, digər səbəbi də “Qarabağ klanı”nın uzun zaman Ermənistanı talaması faktıdır. Koçaryan-Sarkisyan hökuməti dövründə səfalət içində yaşayan və ikinci növ adam kimi davranılan Ermənistan erməniləri, bu səbəbdən ikinci dəfə analoji hal yaşamasınlar deyə Qarabağdan könüllü gələnlərə nifrət edir, ikinci dərəcəli adam kimi yanaşır, məhdudiyyətlər qoyurlar. Xüsusən də Ermənistanda keçirilən aksiyalarda məhz Xankəndini tərk etmiş ermənmilərin də aktiv iştirak etməsi, yerli ermənilərin qəzəbinə səbəb olub.
Xatırladaq ki, 2023-cü ildən bəri Ermənistanda məskunlaşmış Xankəndidən köçən ermənilərin bir qismi ölkəni tərk edərək, müxtəlif ölkələrdə yerləşiblər. Son statistik məlumatlarda deyilir ki, 6 ay ərzində Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 13 min nəfəfə yaxın olub.
P.S. Vaxtında Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək, Qarabağda məskunlaşmış ermənilərə könüllü olaraq vətəndaşlığı qəbul etmələrini, dinc şəkildə bərabər yaşamaq üçün şərait yaradılacağını təklif etsə də, bununla razılaşmadılar. İndi Ermənistanda ikinci dərəcəli adamlar olaraq yaşamaq məcburiyyətindədirlər. Hələ zaman keçdikcə Azərbaycanın təkliflərini yada salıb, daha çox peşman olacaqlar. Amma onların geri qayıtması mümkün deyil, çünki o qatar çoxdan gedib.