“ABŞ dövlət katibi təəəsüf ki, Ermənistanın Baş nazirindən Rusiyaya “süni nəfəs vermələrini” dayandırmağı istəməyib”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın “Facebook”-da yazıb.ə
Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın sanksiyalardan yayınmasında Paşinyan hakimiyyətinin də böyük rolu var: “Paylaşdığım foto 2022-ci ilin mart ayında İrəvan Zərgərlik Fabrikinin açılış mərasimində çəkilib. Fotodakı şəxslər Ermənistanın o zamankı iqtisadiyyat naziri Vaan Kerobyan ilə fabrikin ortaqları olan Eduard Sukisyan və Qraç Avaqyandır.
Eduard Sukisyan Baş nazir Nikol Paşinyanın partiyasından (“Mülki Müqavilə”) deputat seçilən məşhur iş adamı Xaçatur Sukisyanın qardaşıdır. Xaçatur Sukisyan 2018-ci il inqilabı zamanı Paşinyana açıq dəstək (daha çox maliyyə) verən iş adamlarından biridir.
Qraç Avaqyan isə Rusiyada “Zərgərlər kralı” adlanır. Rusiyanın məşhur “Adamant” zərgərlik brendinin qurucusudur”.
İqtisadçı xatırladır ki, İrəvan Zərgərlik Fabriki Rusiyanın Ukraynaya hücumundan dərhal sonra açılıb.
Onun sözlərinə görə, bu zavod işə düşməzdən əvvəlki ildə – 2021-ci ildə Ermənitsandan Birləşmiş Ərəb Əmirliklərinə qızıl, qızıl məmulatları və digər qiymətli daşların ixracı cəmi 34 milyon dollar olub: “2022-ci ildə 498 milyon dollara, 2023-cü ildə isə 2,09 milyard dollara yüksəlib.
Ermənistanın cəmi 1-2 il ərzində BƏƏ-yə qızıl və qiymətli daşların ixracını 61 dəfə artırmasının əsas səbəbi odur ki, Rusiyadan Ermənistana bu məhsulların ixracı artıb.
Rusiya-Ukrayna müharibəsindən əvvəlki ildə – 2021-ci ildə Rusiyadan Ermənistana 91,1 milyon dollar dəyərində qızıl və digər qiymətli daşlar ixrac olunub. 2023-cü ildə isə bu rəqəm 20 dəfə artaraq 1,84 milyard dollara yüksəlib”.
A.Aydın xatırladır ki, hazırda qüvvədə olan sanksiyaya görə, Rusiya mənşəli qiymətli daşların ABŞ və Avropa ölkələrinə satılması, həmçinin Qərb şirkətlərinin bu işlərdə iştirakı qadağandır: “Digər ölkələr üçün belə qadağa olmasa da, tövsiyyə və xəbərdarlıqlar var. Amma, görünən odur ki, heç kim ABŞ-ın xəbərdarlıqlarını ciddiyə almır. Hətta Qərb şirkətlərinin digər ölkələrdəki törəmə şirkətləri də qadağalara məhəl qoymurlar. Məsələn, Fransanın məşhur “Temis Luxury” şirkətinin BƏƏ-dəki törəmə şirkəti “Temis Luxury Middle East” Rusiya qızlının daşınması ilə məşğul olan əsas şirkətdir”.