“ABŞ və müttəfiqləri Rusiya qoşunlarının Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin məhv edilməsində birbaşa iştirak etməyəcək”.
Bunu Ağ Evdə keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Bir jurnalistin İranın pilotsuz təyyarəsinin hücumunu dəf etməkdə İsrailə kömək edən ABŞ-ın Ukrayna səmasında niyə eyni şeyi edə bilmədiyi sualına Kirbi belə cavab verib: “Bunlar fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsidir”.
Kirbi xatırladıb ki, ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibnin əvvəlindən ABŞ-ın bu münaqişəyə “döyüşçü rolunda” müdaxilə etmək niyyətində olmadığını açıq şəkildə bildirib.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirmişdi ki, əgər Britaniya qüvvələri İranın İsrailə hücumu zamanı olduğu kimi, Ukraynaya pilotsuz təyyarələri vurmağa kömək etsə, bu, NATO qoşunları ilə Rusiya ordusu arasında birbaşa toqquşmaya səbəb olacaq və təhlükəli eskalasiyaya gətirib çıxaracaq.
Aprelin 15-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və müttəfiqlərinin dəstəyi sayəsində İsrailin müdafiəsinin effektivliyi haqqında danışıb. Bildirib ki, Ukrayna tam eyni dəstəyi alsaydı, Avropa səması çoxdan təhlükəsiz olardı: “İsrail, Ukrayna kimi, NATO-nun üzvü deyil və bunun üçün 5-ci maddənin aktivləşdirilməsi tələb olunmur, sadəcə siyasi iradə kifayətdir”.
“Dünya İsraili müdafiə etməklə belə birliyin nəinki mümkün olduğunu, həm də 100 faiz effektiv olduğunu göstərdi”, – deyə Zelenski bildirib.