Paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı şəhər poliklinikası sanki Brejnev dövründən qalıb. Poliklinikadakı şəraitə baxanda onun müalicəyə ehtiyacı olduğunu görürsən.
Azeuronews.com xəbər verir ki, Bakıxanov qəsəbəsinin gözdən iraq məhəllələrinin birində yerləşən poliklinikanın tavanı, döşəməsi, divarları, qapı-pəncərələri bəlkə müstəqillik dövründə bircə dəfə də olsun yenilənməyib.
Bunun günahını insafən baş həkimdə yox, Səhiyyə Nazirliyində və Maliyyə Nazirliyində axtarmaq lazımdır. Çünki nazirliklər tərəfindən poliklinikanın təmirinə vəsait ayrılmayıb.
Ona görə xəstələr içəri daxil olanda özünü müharibədən təzə çıxmış bir səhiyyə müəssisəsində hiss edirlər. Elə bil burada həyat dayanıb, tibbi personal əlində hansı ləvazimat varsa onunla xidmət göstərir.
Deyilənə görə, baş həkim də mülayim adamdır, xəstələrə qarşı kobudluq, açıq şəkildə pul tələbetmə halları bu poliklinikada yoxdur.
Ancaq buranın bir problemi odur ki, müasir şəkildə təmir olunmalıdır. Təsəvvür edin ki, 11 saylı şəhər poliklinikası 3 mərtəbəli binada yerləşməklə, müvafiq ərazidə yaşayan 67000 daimi qeydiyyatda olan və 6650 müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə ixtisaslaşmış tibbi yardım göstərir.
Poliklinikada 30 terapevtik sahəni özünə birləşdirən 3 terapiya şöbəsi, labaratoriya, rentgenoloji və flüoraqrafik müayinə şöbəsi, trovmotoloji və cərrah şöbəsi, fizioterapiya, stomotoloji, onkoloji, otolorinqoloq, dəri zöhrəvi, endokrinoloq, oftomoloq və imkansız xəstələri pulsuz dərmanla təmin edilməsi üçün aptek faliyyət göstərir.
Poliklinikanın binası 1976-cı ildə istifadəyə verilib. Və o gündən bəri sovet hakimiyyəti süqut edib, Azərbaycan 30 ilə yaxındır ki, müstəqildir.
Di gəl gör ki, şəhər poliklinikası nə gündədir. Nazirlik 70 mindən çox insana xidmət edən tibb ocağına yüngülvari əl gəzdirsəydi, məgər pis olardı?!
Ümidvarıq ki, nazirlik vəsait ayıracaq, həm vətəndaşları, həm baş həkim Nəriman Məmmədovu, həm də tibbi personalı əsaslı təmir olunmuş poliklinika ilə sevindirəcək…