Sənsiz keçən illərdə doğmalarının çiyninə həsrət yüklənib. 2020-ci ildən bəri bütün doğum günlərini eyni görüş yerində sənsiz qarşılamaq əzabların ən ağırı olsa da, çatdığın məqam hər kəsə qürur bəxş edir. Bu gün dünyaya gəlişinin 27 ili tamam olur. Yeni yaşını sən öz cənnətində, ailən isə qəlbinin buz tutmuş guşəsində qeyd edir. Onların duyğularını dilə gətirmək mümkün deyil. Ona görə, əziz oxucu, gəlsənə mən aradan çəkilim, yaxın keçmişi sənə xarıbülbül nağıl etsin. Zənnimcə azadlıq rəmzi olan çiçəyin həzin pıçıltısında Xızıdan Şuşaya çəkilən qısa və şərəfli ömür yolunu dinləmək həm sənin, həm də mənim ruhumu dincəldər.
Şuşaya gülab çilənib,
İgidlərə salam olsun.
Yer üzünə nur ələnib,
Şəhidlərə salam olsun.
O gün Şuşaya gedən yolun hər döngəsi təlaşa qərq olmuşdu. İllər boyu ifunət qoxuyan tapdaqlarda əzilməmək üçün körpə bədənini torpağın dərin qatlarında gizlədən kövrək otlar, əlvan çiçəklər narın qum dənələrinin arasından ətrafa ürkək nəzər yetirirdilər. Təbiəti təşvişə salan ayaq səsləri yaxınlaşdıqca bala dərdi, qız-gəlin qeyrəti çəkməkdən buz kəsmiş lal daşların sinəsində açılan yarğanlar dərinləşir, Qırxqızı, Cıdır düzünü, İsa bulağını sıx duman dövrələyirdi. 30 il əvvəl axan qanın qurumadığı çöllər nanə yarpağıtək titrəyirdi. Bir qədər sonra qayaların arxasında parlaq şüalı günəş göründü. Qalanın çöl tərəfində qopan gurultudan qulaq tutulurdu. Çox keçmədən işin rəngi məlum oldu. Ana torpağın xilaskarına çevrilən oğullar qalanın ətrafında ətdən divar hörüb düşmənin başına od ələyirdilər. Nağıllar şəhərini divdən qurtarmağa gələn qəhrəmanların nərəsindən yer-göy lərzəyə gəlirdi. Bu gəliş azadlığın xəbərçisi idi. Şuşa haqqında yalnız kitablarda oxuyub ana laylasıtək varlığına hopduran azadlıq carçıları vətən torpağının bir zərrəsindən ötrü qayaları aşır, sıldırımlardan keçir, düşmənin üstünə qartal kimi şığıyırdılar. Haqq savaşında qələbəyə imza atan güllələr havanın bağrını dəlib 30 illik zülməti dağıdırdı. Gözləmədiyi vəziyyətdə çaşqınlıq yaşayıb hər zaman olduğu kimi yenə acizliyə, qorxaqlığa və xəyanətə sığınan düşmən bütün yollara baş vururdu. Ön cəbhədə yaşananlar əhalini nigaranlığa məhkum etmişdi. O günlərdə hər kəs yaradandan zəfər yürüşündə əməyi olanların qoluna qüvvət, dizinə taqət diləyirdi. Dəmir yumruğun kəskin olması üçün etdiyimiz dualar haqqın dərgahında qəbul olundu. Şuşanın xilası ilə zirvəyə çatan zəfər yürüşünü uğurla başa vurduq. Düşmən diz çöküb təslim oldu. Ancaq, nə qələbə, nə də 30 illik həsrətin sonu itkisiz başa gəlmədi. Vətən torpağının hər qarışı uğrunda illərdən bəri çox oğulların qanı axmışdı. Hər şəhid xəbərində ürəyimizə sığmayan dərdi boğazımızda düyünlənən qəhərlə qarışıq hıçqırıqlara təslim edib başımızı dik tutduq. “Vətən sağ olsun” şüarı dillər əzbərinə çevrildi. 44 günlük Vətən müharibəsindən sonra hər şüarın mənası bir az da dərinləşib. Bu gün tarixin qəhrəmanlıq səhifəsinə iz qoyan oğulları tanımaq və tanıtmaq hər kəsin ən müqəddəs amalıdır. O amalın qüdrəti məni qələmə sarılmağa sövq etdi. Təsvir etməyə çalışdığım qəhrəmanın əsas qayəsi doğma yurd yerindən düşmənin ayaq izini silmək idi.
9 noyabr 2020-ci ildə Şuşa uğrunda şəhadətə qovuşan gizir Məcidov Rafiq Rasim oğlu adını qəhrəmanlar sırasına öz qanı ilə həkk etdi. 1 əsrin 4 yarımından birini belə tamamlamayan şəhid gizir qısa ömründə minilliklərə meydan oxumağı bacardı. Ailəsinin dediyinə görə həyatını hələ kiçik yaşlarından hərbi ilə birləşdirən qəhrəmanın heç bir arzusu vətən sevgisindən öndə deyildi. O, vətən torpağını ana qucağı kimi doğma bəlləyib bütün arzularını əzəli və əbədi məkanımıza qurban verdi. Rafiqi tanıyanlar həyat dolu bir gəncin cəsarətindən ağız dolusu danışıb heç bir tapşırıqdan geri çəkilmədiyini deyirlər. Namərd gülləsinə tuş gələnə qədər yalnız irəli gedən qəhrəmanın şücaəti döyüş yoldaşlarının dilində əzbərdir. Ölümündən illər keçən döyüşçü yaşasaydı bu gün doğum gününü ailəsi və doğmaları ilə birlikdə qeyd edəcəkdi. Onun yoxluğu hər kəsin, əsas da anasının ürəyini buza döndərib. Oğlunun adı çəkiləndə dili söz tutmayan ananın həsrətinə sərinlik gətirməyəcəyini bilsəm də ailə üzvünün istəyini yerə salmayıb şəhid barədə bu yazını hazırlamağı vicdan borcu hesab edirəm. Əgər 30 ildən sonra azadlığa qovuşan vətən çiçəyinin nəfəsi dərdlərə məlhəm olsa özümü xoşbəxt sayaram.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid gizir Məcidov Rafiq Rasim oğlu 2 iyul 1996-cı ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuşdu. 2003-2014-cü illərdə C. Novruz adına Sitalçay kənd 1 saylı məktəbdə təhsil alan şəhid qəhrəman hərbi xidmət dövründən kəşfiyyat sahəsinə yönəlmiş, son nəfəsinədək öz əqidəsinə sadiq qalmışdı. Gənc yaşında təcrübəli bir hərbçi kimi yetişən şəhid gizir aprel döyüşlərinin iştirakçısı idi. Rafiq vətən müharibəsinin ilk günündən yoldaşları ilə birgə bütün tapşırıqları böyük əzmlə yerinə yetirirdi. İkinci Qarabağ müharibəsində iştirak edən hər bir döyüşçünün ən müqəddəs arzusu olan Şuşa Rafiqgilin taleyinə yazılmışdı
Tanrı bütün insanlara fərqli ömür payı bəxş edir. Şəhid gizir Məcidov Rafiq Rasim oğlunun taleyinə çəkilən ömür xətti yarpaqların xəzələ dönüb torpağa qarışdığı günlərdə xəyallara qonaq olan Şuşada bitəcəkmiş. Xızı rayonunun Sitalçay kəndində dəfn edilən şəhid gizirin ruhu haqq savaşında tarix yazan qəhrəmanların cərgəsinə yüksəlib. Növbəti doğum gününü də Rafiq varmış kimi qeyd edən ailə kədərlə qarışıq qürur hissi yaşayır.
Bax belə ,əziz oxucu, mən şəhid ailəsinə verdiyim sözə xilaf çıxmayıb dilimin döndüyü, gücümün yetdiyincə duyğuları kəlmələrə çevirdim. Dünyadakı bütün lüğətlərin şəhid adının qarşısında yetərsiz olacağını bilsəm belə,sözümə sadiq qalmaq üçün əlimdən gələni etdim. İstəyimə nə dərəcədə nail olduğumun qərarı səndədir. Mən isə fikrimi son hecası ilə övladlarına can olan bir məmləkətdə yaşamağın bəxş etdiyi qürurla yekunlaşdırıram.
Rəfiqə Rafiqqızı