Filippinin Bikol bölgəsindəki Albay əyalətində yerləşən Mayon vulkanının bazar ertəsi fəaliyyətə başlaması ilə əlaqədar ölkədə həyəcan təbili çalınıb. Vulkandakı qaya parçaları düşməyə başladıqdan sonra 2-yə qaldırılan həyəcan səviyyəsinin aktivliyin artması ilə əlaqədar bu gün 3-ə yüksəldiyi bildirilib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada, 5-8 iyun tarixləri arasında 2 vulkanik zəlzələnin baş verdiyi qeyd edilib.
İsti qaz çıxışı olan vulkanın yaxından izlənildiyi bildirilən açıqlamada, vulkanın 6 kilometrliyində yaşayanların bölgədən təxliyəsi göstərişi verilib. Açıqlamada, səlahiyyətlilərdən vulkanın yaydığı kül və tüstü səbəbiylə ətrafdakı uçuşları xəbərdar etmələri istənilib.
Filippindəki 24 aktiv vulkandan biri olan Mayon vulkanı sonuncu dəfə 2018-ci ildə şiddətli püskürüb və on minlərlə insanı didərgin salıb.