Cənubi Koreyanın Qanqvon əyalətinin Qanqneunq şəhərində meşə yanğını baş verib. Güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdəki 300 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilib.
Qanqvon əyalətinin qubernatoru Kim Jin-tae yanğında 170 hektardan çox ərazinin yanaraq külə döndüyünü açıqlayıb. Yanğının səbəbinin araşdırıldığını ifadə edən Kim, alovun güclü külək nəticəsində bir ağacın elektrik kabellərinin üzərinə düşməsi səbəbindən başladığını düşündüklərini bildirib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol səlahiyyətlilərə yanğının qarşısını almaq üçün bütün resurslardan istifadə etməyi və sakinləri tez bir zamanda təxliyə etməyi tapşırıb.