Tovuz rayonunun Dondar-Quşçu kənd sakini10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun atası İbrahim Süleymanov Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova və Məhkəmə Hüquq-Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətin bir surəti də Reportyor.info-ya daxil olub.
İbrahim Süleymanov müraciətində bildirir ki, oğlu İlkin Süleymanov Nərmin Quliyevanın qətlində təqsirləndirilsə də, onun bi cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur:
“Oğlum İlkin Süleymanov Tovuz rayonunun Dondarquşçu kənd sakini, mərhum Quliyeva Nərmin Şərif qızının öldürülməsində təqsirli bilinir. Halbuki, oğlumun həmin cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Oğluma qarşı açılan cinayət işi tamamilə saxtadır və onun həmin cinayət hadisəsini törətdiyini təsdiq edən heç bir sübut mövcud deyil.
Buna baxamyaraq, 3 ildən artıqdır ki, oğlum qanunsuz olaraq həbsdə saxlanılır. Həmin cinayət işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Uzun çəkən məhkəmə baxışı zamanı aydın şəkildə müəyyən edildi ki, bu cinayətin oğlum tərəfindən törədildiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Əsl qatillərin üzə çıxarılmasını təmin edə biləcək bütün faktlar prokurorluq tərəfindən məqsədli şəkildə saxtalaşdırılmış və oğlum planlı şəkildə bu cinayətin qurbanına çevrilmişdir. İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığı işə baxan məhkəməyə də məlumdur. Lakin məhkəmə bu iş üzrə qanuni və ədalətli hökm çıxarmaq niyyətində deyil. Əlləri bu amansız cinayət hadisəsinə bulaşmış şəxslər tərəfindən də məhkəmənin işinə ciddi maneələr törədilir. Məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar və xüsusilə də Prezidentimizin böyük etimadını qazanmış cənab İnam Kərimovun Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni sədr təyin edilməsi bu cinayətə əlləri bulaşmış şəxslərin narahatçılığını daha da artırmış və həmin şəxslər oğlum barəsində tələm-tələsik qanunsuz ittiham hökmünün çıxarılmasına, bununla da öz cinayətkar fəaliyyətlərini öst-basdır etməyə çalışırlar. Bu fakt məhkəmənin də davranışlarından aydın şəkildə sezilir”.
İbrahim Süleymanov qeyd edib ki, oğlunun vəkilləri işə dair vəsatətlər təqdim etsələr də, məhkəmə onları rədd edib: “Vəkillər vəsatətə qaldıraraq ibtidai istintaqa təqdim etdikləri alternativ mütəxəssis rəyinin məhkəmə iclasında elan olunmasını, iş üzrə vacib əhəmiyyət kəsb edən şahidlərin məhkəmədə dindirilməsinin təmin edilməsini, işdə adları keçən bir sıra şəxslərin, o cümlədən mərhum Nərmin Quliyevanın meyidinin evimizin qarşısına atılmasında və oğlumun şərlənərək həbs olunmasında iştirak edən polis işçilərinin telefon danışıqlarına dair anten məlumatlarının məhkəməyə gətirilməsini xahiş etmiş, lakin həmin vəsatərlərin əksəriyyəti məhkəmə tərəfindən təmin edilməyib. Təmin edilən bəzi vəsatətlər isə indiyədək icra olunmayıb. Buna baxmayaraq məhkəmə tələm-tələsik işi yekunlaşdırmağa çalışır. Bu məqsədlə məhkəmə hətta vəkillərimizə də təzyiq göstərməkdən çəkinmirlər.
Qeyd olunanları nəzərə alaraq, məhkəməyə qarşı, həmçinin məhkəmənin özü tərəfindən törədilən qanunsuzluqların qarşısının alınması və iş üzrə qanuni və ədalətli hökm çıxarılmasının təmin edilməsi üçün müvafiq göstərişlər verməyinizi və işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm”.