Yasamal Prokurorluğu görünməmiş qızılmənimsəmə əməliyyatını 1 ildir ki, araşdırmaq istəmir – Baş prokurora müraciət Azərbaycanda bank olmayan kredit təşkilatlarının “qapalı bazar”a çevrilməsi nəticə etibarı ilə dələduzluq hallarına, xüsusilə əllərinə keçən əmlakların mənimsənilməsinə, həmin əmlaklar üzərindən mənimsəmələrə yol açır. Bu sahədə baş verən hərc-mərcliyin qurbanları bu gün minlərlədir.
Onlardan biri olan Azərbaycan vətəndaşı Röyal Nizami oğlu Hüseynovdur. 32gun.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevə yazdığı şikayət ərizəsində Röyal Hüseynov “Brand Credit BOKT” MMC bank olmayan kredit təşkilatında üzləşdiyi dələduzluq cinayət və həmin cinayətin 1 il 1 aydır ki, Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılmamasından şikayətlənir. Sürəti həm də redaksiyamıza üzvanlanan müraciətində Röyal Hüseynov yazır: “Cənab Baş prokuror! Bildirirəm ki, 09.06.2021-ci il tarixdə “Brand Credit BOKT” MMC bank olmayan kredit təşkilatında qızıl-zinət əşyalarının satılacağını öyrəndim.
Qıymətli əşyaları almaq niyyəti ilə “Brand Credit BOKT” MMC-də oldum. Əməkdaşlar satdıqları qızılların pulunu əvvəlcədən tələb etdilər. Kassaya rəsmi olaraq 101 min 500 manat pul ödədim və qarşılığında dərhal qızıl-zinət əşyalarımı götürəcəyimi bildirdilər. Pulu qızılların sahibi olan Kərəm adlı şəxsin adına ödəməli olduğumu dedilər. Hörmətli Baş prokuror! Səidə adlı kassir xanım və əvvəllər dələduzluğa görə məhkum olunmasını sonradan bildiyim Kəyan adlı mütəxəssis pulu ödəyib qiymətli əşyaları götürəcəyimə heç bir problem olmayacağına inandırdılar. Pulu kassaya ödədim. Qızılları isə vermədilər. İş vaxtının sonuna qədər – yəni 18:00-a qədər məni müxtəlif bəhanələrlə aldadıb qızılları verəcəklərini dedilər.
Yekunda isə iş saatının bitdiyini və sabah gəlməli olduğumu bildirdilər. Pulumu və ya qızıları tələb etsəm də, heç bir xeyri olmadı. Bütün bunlar təşkilatın daxilindəki videokameralar vasitəsilə qeydə alınıb. Səhəri gün yenə “Brand Credit BOKT”a getdim. Mənə qızıl zinət-əşyalarını vermədilər. Dedilər ki, bu sədr Rail Vaqif oğlu Əhmədov göstərişidir. Dəfələrlə ‘‘Brand Credit BOKT” MMC-dən verdiyim pulu yaxud da qızılları tələb etsəm də, indiyədək heç bir nəticəsi olmayıb. “Brand Credit BOKT” MMC mənə “arxa”larının güclü olduğunu, onlara heç bir şey edə bilməyəcəyimi deyirlər. Hörmətli Baş prokuror! 1 il 1 aydır ki, Yasamal Prokurorluğu açıq-aşkar ortada olan dələduzluq cinayətinin araşdırılmasını yubadır. Süründürməçiliklə zərərçəkən olaraq bizlərin şikayətimizdən əl çəkəcəyimizi düşünürlər.
Hörmətli Kamran Əliyev! Adınıza qarşılaşdığım dələduzluqla bağlı çoxsaylı şikayət ərizələri göndərsəm də, “Brand Credit BOKT” MMC “şəxsi əlaqələri” hesabına cinayət məsuliyyətindən yayınmağa nail olurlar. Mən və mənim kimi həmin şirkətin dələduzluğuna məruz qalmış daha bir neçə zərərçəkmiş şəxslər aksiya keçirməklə sözümüzü sizə və cənab prezidentə çatdırmaqdan başqa əlacımız qalmayıb. Həmin zərərçəkmiş şəxslər tərəfindən Yasamal RPİ-yə şikayət olunsa da, yenə də heç bir nəticə yoxdur. Görünən odur ki, ölkədə istənilən şəxs və ya şirkət vətəndaşlara qarşı külli miqdarda dələduzluq edib və kimlərinsə himayəsinə sığınıb istədiyini edə bilər. Hörmətli Baş prokuror! Hazırda baş verən qanunsuzluqlar bunun əyani sübutdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm bu işi şəxsi nəzarətinizə götürərək Yasamal Prokurorluğunda deyil, digər bir prokurorluqda faktla bağlı cinayət işi başlanmasını və mənə dəymiş ziyanın ödənilməsinə köməklik edəsiniz”.