Vəfat etmiş sabiq deputat Rəfael Cəbrayılovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Reportyor.info xəbər verir ki, prosesdə əsas zərərçəkmişlərdən biri olan Təranə Fətəliyevanın istintaqa ifadəsi elan edilib.
Məhkəməyə gələ bilməyən zərərçəkmiş hakimə yazılı müraciət edərək ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. Təranə Fətəliyeva müraciətində ona 300 min dollar məbləğində ziyan dəydiyini və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirib.
“Biz daha geniş məlumatlar əldə etmək istəyirik”
Dövlət ittihamçısı cinayət işində zərərçəkmiş şəxsin ifadəsinin olduğunu, məhkəməyə gətirilməsinə ehtiyac olmadığını desə də, vəkil Kamandar Nəsibov Təranə Fətəliyevanın dindirilməsinin vacib olduğunu deyib. Vəkil bildirib ki, zərərçəkmişdə olan məlumatlar onlar üçün çox vacibdir: “Biz daha geniş məlumatlar əldə etmək istəyirik. Neçə prosesdir onu gözləyirik”.
Məhkəmə zərərçəkmiş şəxsin növbəti prosesdə iştirakının təmin ediləcəyini bildirib.
Prosesdə şahid qismində dindirilən Kəmalə Şıxəliyeva da ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini deyərək Rəfael Cəbrayılovdan 200 sot torpaq sahəsi aldıqlarını, notarial qaydada 340 min, sonradan sənədləşdirmə üçün 240 min dollar pul ödədiklərini deyib. Amma deputat torpağa mülkiyyət sənədini onlara verməyib, aldadıb.
“Oğlum deyirdi ki, deputatdır, yaxşı adamdır…”
Şahid əlavə edib ki, cinayət işi üzrə oğlu zərərçəkmiş qismində tanınıb: “Torpaq sahəsi mənim adıma idi. Rəfael müəllimlə oğlum, yoldaşım görüşürdü. Pulu ödəyəndə şübhələnmişdim. Lakin oğlum deyirdi ki, deputatdır, yaxşı adamdır, iki aya həll edəcəyinə söz verib”.
Məhkəmədə vaxtilə mərhum Rəfael Cəbrayılovun Milli Məclisdə köməkçisi işləyən Faiq Bayramov da dindirilib. O bildirib ki, məsələdən 2015-ci ildə mətbuatda gedən yazılardan sonra xəbərdar olub: “Mətbuatda, sosial şəbəkələrdə yazırdılar ki, deputat insanları aldadıb, pul alıb qaytarmayıb. O vaxta kimi bu məsələlərdən xəbərim olmayıb. “Dərhal” MMC onların ailə biznesləri olub. Bunu da ictimailəşdikdən sonra bilmişəm”.
“R.Cəbrayılovun aldığı obyektlərlə bağlı məlumatınız olubmu” sualına şahid “50-60 kvadratmetrlik bir neçə mənzili vardı, deyəsən ya satdı, ya da zərərçəkmiş Məlahət xanıma verdi” deyə cavab verib.
Məhkəmə prosesi aprelin 14-də davam edəcək.
Xatırladaq ki, ittihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.
“Rafael Cəbrayılov işi” Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatındadır.