Bu gün səhər saatlarında Rusiyanın Ukraynanın qərbindəki Lvov şəhərinə endirdiyi raket zərbələrinin təfərrüatları açıqlanıb.
Ukrayna Silahlı Qüvvələrinin “Qərb” komandanlığı bildirir ki, Lvov aeroportu rayonuna zərbələr X-55 qanadlı raketləri ilə endirilib. Bu, uzaqmənzilli aviasiya raketidir və daşıyıcıları Tu-95, Tu-160 strateji bombardmançılarıdır.
Zərbələrin Qara dəniz akvatoriyasından endirildiyi bildirilir. İlkin məlumata görə, Rusiya bombardmançıları aviasiya təmiri zavoduna 6 belə raket buraxıblar, onlardan ikisini hava hücumundan müdafiə qüvvələri vura bilib. Zərbələrin hədəfi olan zavod işləmirdi və nəticədə zərərçəkənlər yoxdur, amma zavodun binası dağılıb.