“Təəssüf hissi keçirirəm ki, ordumuzun belə bir ruh yüksəkliyi ilə ölkə başçısının dünənki çıxışından sonra Rusiyanın bu avantürasına getdik”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri düşmənin səmimiyyətinə inanmadığını və torpaqlarımızın növbəti dəfə işğalda qalacağından narahat olduğunu bildirib:
“Təbii ki, atəşkəsdən sonra biz gözləməliyik. Bizdə də böyük xəyal qırıqlığı yaranıb, bunu gözləmirdik. Əgər ermənilər atəşkəsə razıydılarsa, niyə bəs Ağdamı, Füzulini, Tərtəri və digər yaşayış yerlərimizi bu gecə atəşə tutdular? Mən buna inanmıram, çünki Ermənistanda bir hakimiyyət yoxdur, çoxhakimiyyətlilikdir. Koçaryanın gəlib Qarabağda oturması ondan xəbər verir ki, onlar çalışacaqlar ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Çünki Paşinyanın ölkə daxilində artıq elə bir nüfuzu qalmayıb. Təəssüf hissi keçirirəm ki, ordumuzun belə bir ruh yüksəkliyi ərəfəsində, ölkə başçısının dünənki çıxışından sonra Rusiyanın bu avantürasına getdik. Gözələyək görək bu gün saat 12:00-dan sonra necə olacaq. Mən inanmıram ki, ermənilər bundan sonra təxribatlarından əl çəksinlər. Onlar yenə bizi atəşə tutsa, onda bizim qeyrətimiz, namusumuz olmalıdır ki, Dağlıq Qarabağ deyilən ərazidə bütün yüksəklikləri dağıdıb onların başına tökək. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Bu bəs edir artıq, ruslar bizim başımıza oyun açdı. Rus torpağı alıb verib erməniyə, Lavrovun da anası ermənidir, hər dəfə atəşkəs elan olunmasına çalışır və bu da bizim başımızın altına yastıq qoymaq deməkdir. Bu gün xalqla ordunun bir yerdə olduğu bir vaxtda biz niyə görə Lavrov və Putin kimi bir avantürüstin diqtəsinə getməliydik? Arxamızda Pakistan, Türkiyə kimi qardaş ölkəmiz dayanıb, xalqımız bir yumruq kimi birləşib və bu gün biz kimdənsə torpaq istəmirik, öz torpaqlarımızı işğaldan azad edirik. Mən həddən artıq narahatam, gecəni səhərə qədər yatmadıq və sonda qəbul edilən qərar bizi qane etmədi. Ermənilərin vicdanı olsaydı, danışıqlar prosesi zamanı bizim dinc əhalini, qəbiristanlıqlarımızı atəşə tutmazdılar. Biz bunu özümüzə təhqir hesab edirik. Düşünürəm ki, bir-iki saat dözüb çox qəti qərarlar qəbul etməliyik. Artıq heç bir dövlətin nazıyla oynamaq lazım deyil. Biz Xankəndimizi, Kəlbcərimizi boşaldıb əhalimizin ora köçürülməsiylə məşğul olmalıyıq”.




















