Bu gün bizi hər addımda, hər qarışda qoruyan polisimizin peşə bayramıdır. Düz 106 yaşlı polisimiz. O heç zaman qocalmaz, cinayətkarlığa qarşı mübarizədə yorulmaz…Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 2 iyul Azərbaycan Polisinin Günü olsa da, əslində bu gün də hər gün olduğu kimi bizim təhlükəsizliyimizin keşiyində dayanırlar.
Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir. Biz ən çətin, ən təhlükəli anda, qorxduğumuz dəqiqədə dostumuza, qohumumuza yox, 102 Xidmətinə, polisimizə zəng edirik. Çünki onu xilaskar, asayişimizin keşikçisi görürük. Ona görə də polis yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Polisimiz bizi harada qorumur ki – halı pisləşən olur, xidməti maşına qoyub xəstəxanaya çatdırır, yolu keçə bilməyən yaşlı görür, əl tutub kömək edir, cibgir, quldur tərəfindən hücuma məruz qalırıq yenə polis dadımıza çatır, yəni hər addımda polisimiz istirahət bilmədən işləyir.
Dövlətin ən etibarlı strukturlarından biri olan Daxili İşlər Nazirliyinin yüksək peşəkarlığı və rəhbərlik tərəfindən verilən tapşırıqların icrası ölkədə sabitliyin, əmin-amanlığın stabil olmasına xidmət edir. Ölkəmizdə baş verən cinayətlərin 90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir.
O baxımdan ölkədə kriminogen vəziyyət tam nəzarət altındadır, narkotik və digər qanunsuz hallara qarşı davamlı olaraq amansız mübarizə aparılır. Bütün bunlar cənab nazir Vilayət Eyvazovun qurduğu peşəkar işin, ciddi yanaşmanın və verdiyi tapşırıqların ən yüksək səviyyədə icra olunmasının nəticəsidir. Bu gün istər Bakıda, istərsə regionlarda polis öz işini yüksək səviyyədə icra edir. Nazirliyin uğurlarından biri də mətbuatla əlaqələrin açıq şəkildə qurulmasıdır. Bu işdə mətbuat xidmətinin rəisi cənab Elşad Hacıyevin xüsusi əməyi danılmazdır. Elşad Hacıyev gecə-gündüz bilmədən çalışır, sosial şəbəkələrdə aktivdir, bütün informasiyalar operativ şəkildə yayımlanır, nazirə olan, müraciətlərə dərhal reaksiya verilir. Eyni zamanda, polisimiz azad edilən ərazilərdə yüksək səviyyədə xidmət edir. Sevindirici haldır ki, şanlı polisimiz Xankəndidə, Xocalıda artıq xidmət edir. Adama yuxu kimi gəlsə də, bu bir həqiqətdir.
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tədbirləri davam etdirirlər. Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə DİN əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz aparılır. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Təmkinli, cəsur, sayıq polislər bu ərazilərdə Azərbaycan qanunlarının bərqərarını təmin etməkdədirlər. Onu da demək lazımdır ki, indi ölkədə polislə əhali arasında ictimai tərəfdaşlıq möhkəmlənib. Əhalinin problemlərinin həllinə istiqamətlənmiş fəaliyyəti strateji davranış xətti seçən polisimiz cəmiyyətə xidmət edən polis kimi çalışır. Məhz bu səbəbdən əhali ilə polis arasındakı məsafə qalmayıb, cəmiyyətin hüquqi inteqrasiyası baş verib və sonucda polis sadəcə, ictimai asayiş keşikçisi yox, vətəndaşın güvəndiyi dövlət mənsublarına dönüb. Bir sözlə, biz polisimizə güvənirik, ona etibar edirik. 2 iyul günün mübarək, qəhrəman Azərbaycan Polisi!