Siyəzən şəhərində seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mehrac Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Mehrac Əsgərov 2016-cı ilin mart-may aylarında yaşadığı Siyəzən şəhəri, H.Talıbov küçəsi, 10 nömrəli yaşayış binasının zirzəmisində 2006-cı il təvəllüdlü Rasim Əliyevə (ad və soyad şərti verilib – red.) seksual xarakterli zorakılıq hərəkətləri edib.
Rüsvay edəcəyi ilə hədələdi
Mehrac Əsgərov may ayının əvvəllərində Rasim Əliyevi aldadaraq yaşadığı binanın zirzəmisinə aparıb. Orada Rasim Əliyevə başqa bir oğlanla intim münasibətdə olmasını bildiyini xatırladaraq ona hədə-qorxu gəlib.
Bundan sonra Mehrac Əsgərov Rasim Əliyevin onunla da cinsi əlaqədə olmasını istəyib. Əvvəlcə Rasim Əliyev onunla qeyri-təbii yolla cinsi əlaqədə olamaqdan imtina edib.
Zirzəmidə cinsi əlaqə
Bu zaman Mehrac Əsgərov onunla cinsi əlaqədə olmadığı təqdirdə onun barəsində olan məlumatları yaymaqla, onu rüsvay edəcəyi ilə hədələyib.
Bundan sonra Rasim Əliyev bir dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa razı olub. Sonra Mehrac Əsgərov onu əxlaqsız hərəkətlər etməyə vadar edib.
Zorakılıq
Daha sonra mayın ortalarında Mehrac Əsgərov Rasim Əliyevi yenə də məcburi şəkildə həmin zirzəmiyə gətirib. Orada zorla Rasim Əliyevlə cinsi əlaqədə olandan sonra Mehrac ona daim cinsi əlaqədə olacağını deyib.
Şantaj
Bundan sonra növbəti dəfə Mehrac Əsgərov Rasim Əliyevi həmin zirzəmiyə çağırsa da, o gəlməkdən imtina edib. Bu zaman Mehrac Əsgərov onu hədələməyə başlayıb.
Mehrac Əsgərov ona deyib ki, onunla cinsi əlaqədə olan zaman telefonuna video çəkiliş edib. Mehrac Əsgərov onun bu videosunu sosial şəbəkədə yayacağı ilə hədələyib.
Mehrac Əsgərovun hədələrinə baxmayaraq, Rasim Əliyev onun dediyi yerə gəlməyib. Vəziyyətin belə yarandığını görən Mehrac Əsgərov Rasim Əliyevin şəkilini Vatsap sosial şəbəkəsinə qoyaraq, ona fikrinin tam ciddi olmasını sübut etməyə çalışıb.
Şantajla görüşmək
Daha sonra Mehrac Əsgərov Rasim Əliyevə şəkilini Vatsapa qoyduğunu deyib. Belə olan halda Rasim Əliyev yenə də onunla görüşüb.
Bu onların son görüşü olub. Rasim Əliyevin hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra Mehrac Əliyev həbs edilib.
Seksual ittiham və şərti cəza
İstintaq orqanı tərəfindən Mehrac Əsgərovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Siyəzən rayon Məhkəməsinin hökmü ilə Mehrac Əsgərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il sınaq müddəti olmaqla 4 il şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mehrac Əsgərovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Prokuror şikayət etdi, iş geri qaytarıldı
Həmçinin Mehrac Əsgərov da apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza verilməsini istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim heyəti prokurorun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.
Hökm yenə də dəyişmədi
Bu səbəbdən Mehrac Əsgərovun barəsində olan cinayət işi yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılıb. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti və apelyasiya protestinin dəlilləri araşdırılıb.
Hakim heyəti yenə də apelyasiya şikayəti və protestinin təmin edilməməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş orta məktəbin şagirdi olublar.
Hacı Zeynalov