“Sahil – D Company” MMC rəhbəri Adilağa Hüseynov Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimai əlaqələr şöbəsinin rəisi Aynur Sabitovanın qanunsuz hərəkətləri ilə bağlı faktlar açıqlayıb.
Reportyor.info xəbər verir ki, onun rəhbərliyi altında Zöhrab Əliyev, Nazim Hüseynov və başqa şəxslərin əli ilə sakinlər adından saxta imza toplayıb “Xətai 33” şirkəti təsis ediblər və “Sahil – D Company” MMC əleyhinə iş aparıblar.
A.Hüseynov qeyd edib ki, 2015-ci ildən etibarən şirkətin adından istifadə edərək bina sakinlərindən 1, 5 milyon manat yığılıb. Guya elektrik enerjisi problemi həll olunacaq imiş və Prezidentə təşəkkür məktubu göndəriləcəkdi.
Şirkət sahibi bütün ünvanlara məktub yazıb ki, 1.5 milyonluq vəsait haqda hesabat verilməlidir. Ancaq bu cinayət ört-basdır edilir. Bütün bunların baş verməsində Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimai əlaqələr şöbəsinin rəisi Aynur Sabitova xüsusi rol oynayır.
İş adamı ədliyyə naziri Fikrət Məmmədovdan xahiş edib ki, Aynur Sabitova barəsində tədbir görülsün. Mediada problemi ictimailəşdirən A.Hüseynovun sözlərinə görə, dövlət qurumunun məmuru olan A.Sabitova öz işində dönüş yaratmaq əvəzinə, general Fəxrəddin Cəbrayılovun kölgəsi altında cinayət əməllərini ört-basdır etməyə çalışır.
İş adamı təəssüf edir ki, generalı da bu işlərə qarışdırıblar: “Sakinlərin bizə müraciətini nəzərə alaraq, məsələni hüquqi müstəviyə çıxarmışıq, məhkəmə prosesi başlanacaq. Ədliyyə nazirindən xahiş edirəm ki, Aynur xanımın öz işi ilə məşğul olmasına göstəriş versin”.