Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev əvvəlcə işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul olunmasını təklif etdi.
“Biz işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşan, ora investisiya qoyanlar barədə cinayət işi qaldırmalıyıq. Ancaq bu, qanunvericilik əsasında olmalıdır”, deyən Q.Həsənquliyev Milli Məclisin plenar iclasından öncə deputatların fikirlərinin dinlənilməsi üçün daxili nizamnaməyə də dəyişiklik edilməsini vacib saydı.
Daha sonra deputat bir gün öncə Qarabağ qazləri ilə Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşları arasında baş vermiş insidentdən bəhs etdi: “Biz dünən izlədik ki, bir qrup Qarabağ əlili Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşı ilə toqquşublar. Mən istərdim Baş Prokurorluq araşdırsın ki, bizim əlillər niyə belə aqressiv davranırlar? Bizim polisimiz kifayət qədər təmkinli davrandı. Amma yenə də əlillər çox aqressiv idi. Bəlkə ona görə ki, sökülən tikilinin yanındakı evlərin də sənədləri yox idi. Qarabağ əlilləri haqlı olaraq soruşurlar ki, niyə o evlər sənədsiz tikilə bilir, amma onların evləri yox? Düşünürəm ki, polisləri belə təxribatalara çəkmək lazım deyil. Polis də çoxlu qurbanlar verib”.