Baxmayaraq ki, Artur hökumətinin təmsilçiləri Azərbaycan Respublikasının dövlət büdcəsini «sosial yönümlü» elan edir və baxmayaraq ki, ölkə parlamentində bir «sosial siyasət» komisiyası var və ona Hadı Rəcəbli sədrlik edir, hələ də ölkə əhalisinin sosial vəziyyəti qənaətbəxş deyil və əhalinin bir qismi hələ də «çörəkpulu» uğrunda ölüm-dirim mübarizəsi aparır.
Ölkədə sosial durumu acanacaqlı olub da «sosial yardım» alanların sayı da dolayısı ilə bu fikri təsdiqləyir. Nə yazıq ki, vətəndaşların sosial-məişət durumunu yaxşılaşdırmaq yolunda effektli siyasi proqram hazırlayıb, onu ardıcıl olaraq həyata keçirməyə məsul olan rəsmilər, bu istiqamətdə əməli işlər görmək əvəzinə, arabir «mən də varam» deyə, baş-ayaq (absurd!) bəyanatlar verir, açıqlamalar yapır və insanların «saqqızını oğurlayırlar». Belələrindən biri də Milli Məclisin Sosial siyasət komissiyasının «patentli sədri» Hadı bəydir…
Hər dəfə Hadı Rəcəblinin «deputat» və «sədr» statusları barədə eşidəndə yadıma Rusiyadakı miqrantlar düşür. Məlumdur ki, 2014-cü ilin əvvəlindən Rusiya Federasiyasının miqrasia qanunvericiliyində bəzi dəyişikliklər qüvvəyə minib və bu dəyişiklik ölkədə yaşamaq və işləmək istəyən miqrantları «əmək patenti» almağa məcbur edir. Sonrası nə olacaq? Fərqi yoxdur, patent sadəcə, qanuni olaraq Rusiya ərazisində yaşamaq üçündür, vəssalam. Patentin varsa, hər cür fəaliyyətlə məşğul ola bilərsən – hətta oğurluqla, quldurluqla, dələduzluqla da! İndi hər «seçki»dən sonra Hadı bəyin adını deputatlar siyahısında görərkən, istər-istəməz düşünməli oluram: Həəə, Hadı bəy yenə patentinin müddətini uzatdı! Başqa sözlə, Hadı bəyi «YAPlament»in patentli üzvü hesab etmək olar. Əcaba, Hadı bəyin «nəyi və harası» Artur hökumətinin xoşuna gəlib ki, ona əbədi «deputat və sədr patenti» verib?
Hesab edirəm ki, bu suala cavab vermək üçün «laureat»ın əmək fəaliyyətinin tarixçəsinə (Şəkidən qovulduğu tarixdən üzübəri) ötəri bir nəzər salmaq kifayətdir. Şəki camaatı bu adamı qovub rayondan çıxartsa da, «YAP hökuməti» (ad şərtidir) onu öz «qanadının altına aldı» və deputat elədi. Daha sonra ondan əbədi “sədir” düzəltdi…
Ədalət naminə qeyd etmək lazmdır ki, Hadı bəy də borclu qalmadı – sədrlik dövrü ərzində «Artur hökuməti»nin bütün tapşırıqlarını-tövsiyyələrini xüsusi «fədakarlıq»la yerinə yetirir. Görünür ki, «patentli sədr» belə davranışı ilə bir tərəfdən, Artur hökumətinə minnətdarlıq çabaları göstərir, digər tərəfdən isə Azərbaycan cəmiyyətindən Şəki camaatının heyifini alır (qisas alır). Nədən ki, ölkə boyu onun «sosial fəaliyyəti» yox, məhz «sosial fəaliyyətsizliyi» gözə çarpır. Bir neçə misalla fikrimi əsaslandırmaq istərdim…
Bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti hökumətlə keçirdiyi müşavirələrin birində söylədi ki, dövlətin güclü olması üçün gərəkdir ki, onun əhalisinin sayı çox olsun və durmadan artsın. Hökumət də gərəkdir ki, bu məqsədə xidmət göstərən sosial siyasət proqramları həyata keçirsin və s. Aydındır ki, prezidentin bu sözlərinin ilk növbədə və birbaşa aid olduğu rəsmilərdən biri də Hadı Rəcəblidir – o, Parlamentin sosial siyasət komissiyasının sədridir…
İndi gəlin, baxaq görək, ötən illər ərzində Hadı bəy bu məqsədə xidmət göstəribmi? Qətiyyətlə qeyd edirəm – YOX! Həmin bu «YOX»u əsaslandırmaq üçün konkret epizodlara diqqət yönəltmək istəyirəm. Məsələn, məlumdur ki, 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (BMT ƏF) xətti ilə «Ailə Planlaşdırılması» adlı çox naqis-ziyankar (ictimai-təhlükəli) bir proqram həyata keçirilir! Bu çalışmanın ictimai təhlükəliliyi onunla şərtlənir ki, proqram tətbiq olunduğu bütün ölkələrdə əhalinin təbii artım ahəngini aşağı salmaq və ümumiyyətlə, bu prosesi müxtəlif üsul və vasitələrlə önləməyə xidmət edir. Ümumiyətlə, bu çalışmanın məqsədləri və tarixçəsi çox-çox uzaqlara (təxminən, 100 il bundan əvvələ) gedib çıxır ki, bu məqam ayrıca bir söhbətin mövzusudur…
İndi isə diqqət yetirin: Dövlətin başçısı ölkədə əhalinin təbii artım ahəngini sürətləndirmək və bu istiqamətdə effektli-stimullaşdırıcı siyasət yürütməyi tələb və tövsiyyə etdiyi bir vaxtda, Hadı bəy Azərbaycanda əhalinin təbii artımının önlənməsi istiqamətində durmadan «külüng çalır»!
Xatırlayırsınızsa, hətta bir müddət bundan əvvəl bu «patentli sədr» belə bir absurd bəyanat səsləndirmişdi ki, kasıb adamlar çoxuşaqlı ailəsini dolandıra bilmirsə, doğub- törəməsin, vəssalam!
Bu məqamda, Hindistanın baş nazirləri – İndira və Raciv Qandilərin faciəvi sonu barədə bir mənbədən əxz eitdiyim məlumatı hörmətli oxucularla bölüşmək istərdim. Məlumata görə, barəsində söhbət açdığım «Ailə planlaşdırılması» adlı proqramın Hindistanda həyata keçirilməsi istiqamətində Qandilər hökuməti hətta o qədər ifrata varmağı özünə rəva görüb ki, reproduktiiv yaşda (durumda) olan əhalini zorla avtobuslara dolduraraq, kəndlərdən şəhərə – STERİLİZASİYAya məruz qoymaq üçün – daşımağa rəvac veribmiş.
Hörmətli oxucuların diqqətinə (mühakiməsinə) təqdim etmək istəyirəm ki, bu istiqamətdəki çalışmalarda Hadı bəy heç də Qandilərdən geri qalan «səy»lər göstərməyib. 1990-cı illərin ortalarından başlayaraq, ölkəmizdə həyata keçirilən«prezervativ siyasəti»ni və abortun leqallaşdırılması addımını nəzərdə tuturam. Hər iki çalışma birbaşa və dolayısı ilə Azərbaycan Respublikasında əhalinin təbii artımını aşağı salmaq (önləmək) məqsədi güdürdü. Üstəlik də o dövrdə əhalinin iki çörəyə möhtac olduğu halda, Hadı kimilərinin yaxından iştirakı və dəstəyi sayəsində milyonlarla xarici yardım pulları prezervativə xərclənib. Bu barədə Azərbaycan mətbuatı qədərindən də artıq yazıb. Məsələn, hələ 2000-ci illərin əvvəllərində «Exo» qəzeti bu mövzuda «Denqi uşedşie v prezervativı» başlıqlı bir məqalə dərc edib. Nə yazıq ki, diqqət yetirən olmayıb…
Başqa bir misal. Təxminən, 1999-2000-ci illərdə Azərbaycanda kimsəsiz uşaqların əcnəbilərə (və vətəndaşlığı olmayan şəxslərə) «övladlığa verilməsi» kimi xeyli tühaf bir çalışmanın «qanuni bazası»nın hazırlanmasında Hadı bəyin müstəsna rolunu qeyd etməmək ədalətsizlik olardı. O zaman Hadı Rəcəbli və digər «qanunbaz»lar zavallı körpələrin əcnəbi dələduzlara satılmasını əsaslandırmaq üçün ortaya belə bir arqument atmışdılar ki, uşaqların varlı əcnəbilərə övladlığa verilməsi elə həmin uşaqların özlərinin mənafeyinə uyğundur! Bir «arqument» də var idi – əcnəbilərə övladlığa yalnız xəstə uşaqlar verilir. Amma sonradan məlum oldu ki, Azərbaycanda «xəstə» elan olunmuş uşaqların əksəriyyəti ABŞ-da (və digər ölkələrdə) tam sağlam çıxıb!
Bu ziyankar və qeyri-humanist çalışmanı «işlək elan edən» və Hadı bəy kimilərin işləyib hazırladığı «qanun bazası» bir öhdəliyi də nəzərdə tuturdu. Belə ki, Azərbaycan tərəfi əcnəbiyə övladlığa verdiyi uşaqların taleyi ilə (hədd-buluğa çatana qədər) maraqlanmalı idi. İndi Hadı bəydən soruşmaq yerinə düşərdi: Əcnəbiyə «verilmiş» uşaqların taleyindən nə xəbər gətirmisən?! Əlbəttə ki, bu sual təkcə Hadı Rəcəbliyə ünvanlana bilməz – digərlərini də səhnəyə çıxartmaq lazımdır…
Son günlər Hadı bəyin çıxışları, səsləndirdiyi bəyanatlar yumşaq desək, belə təsəvvür yaradır ki, o, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən çalışmalarından əl götürməyib, əksinə, fəaliyyətinin antixalq mahiyyət və miqyasını bir qədər də genişləndirib. Məsələn, bir neçə gün bundan əvvəl «patentli sədr» belə bir fikir səsləndirmişdi ki, əhalinin müəyyən qisminə dövlətin göstərdiyi sosial yardım, insanları ələbaxımlığa öyrədir. Odur ki, bu yardımı ya ləğv etmək, ya də nağd pul şəklində yox, natura formasında (məsələn, qoyun) ödəmək lazımdır. Sonradan isə Hadı bəy «natura ilə yardım vasitələri»nin siyahısını bir qədər də genişləndirərək, deyib ki, insanlara balıq yox, balıq ovlamaq üçün tilov vermək lazımdır. Görünür, Hadı bəy hələ də fərqində deyil ki, dövlətin ödədiyi sosial yardım insanlara minik avtomobili və ya yaxta almaq üçün yox, acından ölməkdən xilas etmək üçün verilir. Belədə, imkansıza Hadı bəyin dövlət adından təklif etdiyi 3-5 qoyun 2-3 dəfə doğub da «pula çevrilən»ə qədər bu zavallı kasıb bəs, nə yeməlidir?! Görünür ki, kasıb əhaliyə dövlətin bu «çörəkpulu yardımı» Hadı bəyi çox narahat edir. Açıq-aşkar görsənir ki, «patentli sədr» hələ də Şəki hadisələrini unutmayıb…
Hadı bəyin açıqlaması zamanı heyvanların sırasında ulağın yer almaması da diqqəti çəkir – əcəba, nə üçün at yad edilir, ulaq yox? Axı onların ikisidə ev heyvanıdır və nəqliyyat vasitəsidir. Görünür, Hadı bəyin bu mənada müəyyən mülahizələri var. Bəlkə Artur hökumətinin bu «sosial əsgər»i ulağı qəsdən siyahıya salmayıb ki, insanlar özləri onu xatırlatsınlar? Çünki Hadı bəy düşünə bilər ki, Azərbaycan insanı ulaq əti yemir və bu səbəbdən də onu kəsib yeməyəcək. Amma əbəsdir və nə qədər təəccüblü olsa da, məlumdur ki, Azərbaycanda ulaq ətinin satılmasına icazə verən xüsusi sənəd (preyskurant) hələ də qanuni şəkildə qüvvədən salınmayıb! Xatırladım ki, sözügedən sənəd ötən əsrin ortalarında qüvvəyə minib. Qəribədir, həmin sənəddə ulaq ətinin satışına icazə verilən ikinci bir sovet müttəfiq respublikasının adı yoxdur! Elə bunun özü də bir daha Hadı bəyin «sosial siyasətsizlik» fəaliyyətinin bariz nümunələrindən biri sayıla bilər. Nə üçün indiyə qədər bu sənədi qüvvədən salan hüquqi bir «akt» qəbul olunmayıb?…
Hadı Rəcəbli müəllimləri də yaddan çıxartmayıb. Bu insan görün nə qədər amansız bir zatdır ki, kasıbçılıqdan üzülmüş Azərbaycan müəlliminə daş karxanasını göstərdi ki, gedib daş daşısın!
Cəzasızlıq mühiti Hadını daha da irəlilərə getməyə sövq etdi və nəhayət ki, o, «antisosial, antixalq siyasətsizlik» fəaliyyətinin «şah əsəri»ni yaratdı – dünyada misli görünməmiş Əhalinin pensiya təminatı haqqında «buynuzlu» bir qanun «qayırıb», ortaya atdı. Yüz minlərlə zavallı Azərbaycan insanı heç bir mənəvi-elmi-sosial və iqtisadi əsası olmayan bu «qanunciyəzin» qurbanına çevrildi! Hadı Rəcəbli ilə antisosial, villabaz Səlimin yapdığı sözügedən qanun Azərbaycanın yaşlı nəsil insanlarını ölümqabağı çörəksiz qoydu!
Bu sıradan biri də oxuduğunuz sətirlərin müəllifidir – «sobes»də elan etdilər ki, mənə pensiya düşmür, gərək 25 il əmək stajım olsun! SSRİ dövründə bircə gün də evdənkənar işə getməmiş evdar qadınlara belə hökumət qocalığa görə, pensiya verirdi. Mustəqillik illərində isə antisosial HadıSəlimin «sosial qayğısı» sayəsində 22 il əmək stajım olsa da, mənə pensiya təyin etmədilər! Görəsən, Artur hökumətinin, YAPlamentin buqələmun nümayəndələri bunun nə demək olduğunu anlayırlarmı?!
Yerli KİV-lər yazdılar ki, son 10 ildə Azərbaycandan xaricə müxtəlif üsullarla 100 milyard dollar pul çıxarılıb! Ölkənin bircə bankından dövlətin 8 milyard (sonradan yazdılar ki, 10-12 milyard!) pulunu oğurladılar, Neft Fondunun pullarını görünməmiş səxavətlə sağa-sola xərclədilər, büdcə pullarını «qiymət şişirtməsi, tender fırıldağı» yolu ilə taladılar, qaçqın və məcburi köçkünlərə yardım adı altında büdcə milyardlarını basıb yedilər! İndi həmin milyardların bir qismini antisosial HadıSəlimin YAPlamentin üfunət saçan, pas atmış süzgəcindən basıb keçirdiyi «pensiya islahatı» üsulu ilə elə həmin qaçqın-köçkünün almalı olduğu qocalıq pensiyası hesabına Artur hökumətinin sərəncamına geri qaytarmağa girişiblər. Bu nə Allahsızlıqdır, ya Rəbbim?!
İndi bunca antisosial Hadı durub deyir ki, mən Allah adamıyam, evimdə, iş otabımda Qurani-Kərim var, bütün nəslim-cəddabam Hacıdır və s… Daha buna nə deyəsən? Kasıb-kusubu çörəkpuluna möhtac edən bu adam deyəsən, nə danışdığının fərqində deyil və ümumiyyətlə, mütəmadi olaraq, həm də günortadan sonra da «qatıqlayır»! Görünür, Şəki camaatı daşa basan zaman, daşlardan bir neçəsi onun başına dəyib. Bu da Qurani-Kərimi həmin «zədəli başı» üzərində qalxana çevirib, Azarbaycan insanına «sosial divan» turur!
Bir müddət əvvəl Azərbaycan KİV-ləri yazdılar ki, antisosial Səlimin Bakıda milyonluq villası var. O da tənbəllik etmədən, cəzasızlığın doğurduğu başgicəllənməsinin təsiri altında məsti-xumar olub da, söylədi: Bakıdakı bütün villalar mənimdir! Ürəkli adamdır – heç kimdən çəkinmədi…
İndi deputat «qardaşlar» «münasibət bildirin» qışqırıb da, zavallı və antisosial HadıSəlim tərəfindən binəsib edilmiş insanlara sanki «yalvarırlar». Alın – budur mənim münasibətim: NƏ ƏKDİNİZ Kİ, NƏ BİÇƏSİNİZ???
Bütün bunlar açıq-aydın göstərir ki, Hadı bəyin «prezervativ siyasəti»nin cəzasızlığı, cəfəngiyyat danışıb, baş girləmək üçün ona geniş meydan açır!
Bəs deyilmi? «Patentli» sədrə «yox» deməyin və ondan hesab sormağın vaxtı çatmayıbmı? Azərbaycan insanını bu sual ətrafında düşünməyə çağırıram…
Mirzə AĞ
AzPolitika.info
P.S. Uca ALLAHA and içirəm ki, bu yazı sifriş deyil və mənim sınıq qəlbimdən süzülüb gəlmiş duyğularımdır – ÜSYANIMDIR!!!