YAXIN ŞƏRQDƏ SU MÜHARİBƏSİ:2025-ci ildə ən böyük qıtlıq Ərəb Dünyasında olacaq – TƏHLİL

20 Noyabr 2018 - 00:59
67 oxunma

Şəhab əl-Məkahlə

“Əl-Ərəbiyyə”

 

21-ci əsrdə Yaxın Şərqdə yeni və məntiqsiz müharibə növünə şahid olacağıq. İqtisadi təzyiqlərə, etnik və məzhəbi qarşıdurmalara, terror fəaliyyətinə, dini radikalizmə, mütəşəkkil cinayətkarlığa və ekoloji böhrana baxmayaraq, son illər ərzində bu təbii ehtiyatın çatışmazlığı və onilliklər ərzində quraqlıq dövrləri ucbatından bölgədə Su müharibəsi ehtimalı artıb.

Su çatışmazlığı sərhədsiz geosiyasi əhəmiyyətə malikdir. Nihilistlər və bəsirətçilər də suyun dərin geosiyasi önəmə malik olduğunu qəbul eləmək məcburiyyətindədirlər. Su qaynaqları Su müharibəsi dinamikasını daha da ağırlaşdıracaq, Yaxın Şərqdəki iqtisadi inkişaf planlarının pisləşməsinə səbəb olacaq əsas amildir.

 

Müharibənin perspektivləri

 

Ərəb Dünyası (ƏD) – 14 milyon kvadrat kilometrlik ərazidir ki, onun da 87 faizini səhra təşkil edir. Yenilənən su ehtiyatlarının təxminən 50 faizi ƏD-dən kənarda yerləşir. Bu, Nil, Dəclə və Fərat kimi beynəlxalq çayların trayektoriyasından aydın görünür.

Araşdırmalar göstərir ki, yenilənə bilən su ehtiyatları içərisində ərəb vətəndaşlarının payı il ərzində adambaşına düşən illik 1200 kubmetrdən 2025-ci ilədək 400 kubmetrədək azalacaq. Bundan əlavə, 15 ərəb ölkəsində həyat şərtləri yoxsulluq həddindən aşağı düşəcək, 2025-ci ilə qədər onların əsas su tələbatı lazımi səviyyədə qarşılanmayacaq.

Su və ərzaq təhlükəsizliyi bir-biri ilə əlaqəli olduğundan və iqtisadi, hərbi və təhlükəsizlik aspektlərindən istənilən ölkə üçün əhəmiyyətlidir. Bu elementlərin yoxluğu və ya azlığı daxili və ya regional müharibəyə gətirib çıxara bilər; bu da bölgənin gələcəyinə təsir edəcək. Panoramik baxımdan mənzərə daha pisdir, çünki ərəb əhalisi artır, su resursları silahlı münaqişələrlə məhv edilir və ya yeraltı su ehtiyatları quraqlıqlar ucbatından azalır.

Bərpa olunan və qeyri-bərpa olunan su ehtiyatları tükənir. Bu, İraq, Suriya, İordaniya, Livan və Misirdə müşahidə olunub. Ancaq Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) dövlətləri neft və qaz qiymətləri yüksək olduğu müddətdə tənzimləmə prosesinə böyük miqdarda pul sərf edib.

Livan və İraq ötən 20 il ərzində yağışların azlığı və su çatışmazlığı ilə ən pis təsirə məruz qalıb. Türkiyə Dəclə və Fərat sularının Suriya və İraqla bölüşdürülməsinin üç ölkənin siyasi harmoniyasından çox asılı olduğunu bildirir. Əlbəttə, kürd məsələsi üç dövlət arasındakı hər hansı bir su müqaviləsinin, habelə neft-qaz əməkdaşlığının əsasını təşkil edir.

İsraillilər, həmçinin su resurslarının azalmasından strateji mövqelərinin zəiflədiyini qəbul edirlər. Sabiq baş nazir Qolda Meir həmişə təhlükəsizlik və suyun bir-birinə bağlılığını vurğulayıb. İsrailin sabiq prezidenti Şimon Peres suyun torpaqdan daha vacib olduğunu düşünür və su qaynaqlarının idarəsinin İsraili coğrafi olaraq qapalı və müstəqil bir ölkə halına gətirdiyini deyirdi, “çünki bu halda heç bir qonşu ölkə İsrailin suverenliyini təhdid etməyəcək”.

İsrailin keçmiş müdafiə naziri Ariel Şaron, əslində, (Altıgünlük müharibədə) İsrailin İordan çayını inhisarına almaqla, İordaniyaya daha çox təzyiq göstərə bildiyini etiraf edib. Məhz bundan sonra Əmman hökuməti İsrailin şərtlərini qəbul edib.

Amma israillilər də su böhranının mürəkkəbliyini bilirlər. Təbəriyyə gölünün su səviyyəsi bir əsrdə ən aşağı səviyyəyə enib və şor sular yeraltı yarıqlara daxil olur. İsrail, İordaniya, Qərbi Şəriyyə və Qəzzə Zolağı su problemlərini və su resurslarını bölüşmək müşkülünü həll etməlidir. İordaniya su böhranından ən çox təsirlənən ölkələrdən biridir və İsrail-İordaniya sülh müqaviləsində Əmman və Təl-Əviv arasında imzalanan su razılaşması bəndi çox vacibdir.

Başlıca sual budur: İsrail bu razılaşmaya gələcəkdə də əməl edəcəkmi?

 

Yaxın Şərqdə Su müharibəsi olacaqmı?

 

21-ci əsrdə Yaxın Şərqdə böyük demoqrafik artım müşahidə olunur və bu, su ehtiyatlarına təsir göstərir. İqtisadçılar hesab edirlər ki, regionda suyun çatışmazlığı dünyanın başqa yerlərindən daha təhlükəlidir.

Minilliklər ərzində bu çatışmazlıq regionda siyasi əlaqələrin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Yaxın Şərq regionunda su ehtiyatları üzərində rəqabət çox qədim olsa da, son illərdə rəqabət güclənib.

Misal olaraq, Nil suyu ilə bağlı Sudan-Misir-Həbəşistan rəqabəti, Dəclə və Fərat suları üzərində Suriya-Türkiyə-İraq rəqabəti uzun illərin regional müharibəyə səbəb ola bilər.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"