Bineyi-qədimdən bir çox Adəm övladı öz nəfsini yaltaqlıq üzərində qurub; belələri hətta yaltaqlığa elə aludə olublar ki, dilləri də uzanıb, barmaqları da… Bu gün də az görmürük ki, bu xislətdə olanlar vəzifə sahibinə necə yaltaqlanırlar. Onlar üçün həyat sadə bir yaltaqlıqdan ibarətdir. Lakin bəxtləri onda gətirir ki, şansları da var; yaltaqlıq edən kimi üzlərinə günəş doğur… Nə isə, keçək mətləbə. Bu günün şanslı yaltaqları da təəssüf ki, az deyil. Onlar vəzifə tutan şəxsləri elə tərzdə tərifləyirlər ki, şeytan özü də mat qalır. Oturub düşünürsən; hanı bunların kişiliyi? Kişi də yaltaqlıq edər? Yaxud, yaltaqlıq etmələri cəhənnəmə, yaltaqlıq etdikləri vəzifə adamı işdən çıxarılan kimi heç bilirsiz üzləri neçə dərəcə dönür? Başlayırlar tərif etdikləri kimi şərləməyə, şantaj və təhqir etməyə. Qalırsan mat-məəttəl. A nadan, haqqında minbir söz dediyin bu adam həmin adamdır ki, bir müddət əvvəl qarşısında diz çökməyə hazır idin indi nə baş verdi ki, az qalırsan Vətən xaini adlandırasan? Vallah, əlimə fürsət versələr, elə əbləhləri üst-üstə yığıb oddayaram. Adamın bir az abır-həyası olmalıdır. Ya yaltaq olmalısan, ya da kişi.
Fikrət Sadıq rəhmətlik deyirdi ki, üç cür olur zurnaçılar: biri belə çalır, bir elə çalır, biri də elə-belə çalır. İndi bu yaltaqlar ki, var, elə-belə çalanlardır, Allah dövlətimizi və vəzifədən çıxarılan dürüst adamlarımızı belə çalanlardan qorusun!
Həm də bu vəzifədən çıxarılanlar düşmən-zad deyillər ki, sonradan qınaq hədəfi olsunlar. Vəzifə müvəqqətidir, bu gün sənindir, sabah başqa birinin, o biri gün də tamam başqasının. Kişilik isə əsl insan simasıdır; inanmıram ki, o, arını yeyib, namusunu çölə atan kəslərdə olsun. Açığı, elə vəzifədən çıxarılanları şərləyənlər də vicdanı olmayanlardır. Onların özlərinə kişi demələrinə heç bir haqları yoxdur. Kişini kişi eləyən dürüstlüyü, mərdliyidir. Xain, yaltaq və iki üzlüdən kişi olmaz.
Ölkə əhalisinin sosial rahatlığını öz vəzifə məqsədi ətrafında təmin edən şəxsin bu gün müxtəlif qınaqlara, kimlərinsə diqtəsi ilə təhqir və şər-şəbədələrə məruz qalması ən azı dövlətə və dövlətçiliyə hörmətsizlikdir.
Pis adamlar bir şeyi yaxşı bilməlidirlər ki, əvvəlcə yaliaqlanıb, sonra da həmin adamın etdiyi yaxşılıqların içinə zibil tökmək ən böyük nadanlıqdır. Ay nankor, ya kişi kimi yaltaq ol, ya da adam ol, cəmiyyət də bilsin sən kimsən.
Onsuz da doğruya zaval yoxdur. Nankorlar, yaxşı insanlara, yaxşılıqlarını gördükləri vəzifə adamlarına xəyanət edənlər unutmasınlar ki, bir gün it kimi peşiman olacaqlar.
Dədələr də deyib ki, yaltaqlar ən qorxulu xainlərdir. Ar olsun onlara!
Raqif Nazimoğlu,
Discussion about this post