“Xoşbəxt” kafesində bədbəxt qətlin – Təfərrüatı

9 Oktyabr 2019 - 16:35
109 oxunma

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Xaçmaz rayonu, Mürşüdoba kənd sakini, 52 yaşlı Nazim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 15-də Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yerləşən “Xoşbəxt” kafesinin qarşısında baş verib. Axşam saatlarında dostu ilə kafeyə gələn N.Həsənov yemək yeyib, spirtli içki içib. Həmin vaxt kafedə əyləşənlərdən biri – 27 yaşlı Tamirlan Həmidov Nazimin və onun qardaşı Fədainin ünvanına nalayiq ifadələr işlədib.

N.Həsənov ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə Tamirlanla mübahisə edib. Mübahisə zamanı N.Həsənov bıçaqla ona bir neçə zərbə endirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Təqsirləndirilən Nazim Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Hadisə baş verən gün həmkəndlisi Tərlan Hüseynovla birgə Müşkür kəndindəki “Xoşbəxt” kafesinə getdiklərini, süfrə arxasında olarkən masanın yanından keçən, ilk dəfə gördüyü cavan bir oğlanın onun qardaşı Fədainin ünvanına nalayiq söyüş söydüyünü, ətrafdakı şəxslərin qarşısında onu alçaltdığını deyib. Oğlu yaşda olan Tamirlana əvvəlcə baş qoşmaq istəməyib:

“Eləcə tərs-tərs üzünə baxdım. O, isə ucadan “nədi, xoşuna gəlmir?” deyib təkrar söz atdı, yenə cavab vermədim. Bu oğlanı əvvəl görməmişdim, tanımırdım, mənə qarşı niyə belə hörmətsizlik etdiyini də başa düşmürdüm. Sərxoşluğuna və cavanlığına görə ona baş qoşmadım”.

Bir qədər sonra N.Həsənovun həmkəndlisi T.Hüseynov evə getmək üçün onunla sağollaşıb və masadan qalxıb. N.Həsənov isə təkbaşına pivə içməyə davam edib. Bu vaxt Çingiz adlı tanışı zəng vurub. N.Həsənov Çingizi kafeyə dəvət edib: “Adama bir litr pivə içdik. Tamirlan yan masada idi. Yenə dayanmır, qardaşımın, ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söyürdü,  eşitməməziliyə vururdum. Mən siqaret almaq üçün kafedən çıxdıqda Tamirlan da arxamca gəldi”.

N.Həsənov Tamirlana yaxınlaşaraq niyə onu təhqir etməsinin səbəbini soruşub. Tamirlan cavabında “sənin qardaşın Fədai işverəndir, məni polisə satıb, tutdurub” deyib. N.Həsənov bu haqda qardaşıyla danışacağını, məsələni  araşdıracağını, əgər doğurdan da Fədainin günahı varsa onu özü tənbeh edəcəyini söyləyib. Razılaşıblar. Amma marketdən siqaretlə birgə bıçaq da alan N.Həsənov yenidən kafeyə qayıdıb.

“Tamirlan məni görən kimi yenidən söyüş söyməyə başladıqda çölə çıxdım. Yenə arxamca gəldi. Üstümə hücum çəkdi, ağır sözlər işlətdi. Artıq tab gətirə bilmədim, bıçağa əl atdım. Baş vermiş mübahisənin təşəbbüskarı özüdür. Hadisədən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub törətdiyim cinayət barədə məlumat verdim”,-Nazim Həsənov ifadəsində belə deyib.

Zərərçəkmiş Tərlan Həmidov isə ifadəsində qətlə yetirilən oğlu Tamirlanın rayonda fəhləlik etdiyini, bir az dəliqanlı olsa da, pis vərdişlərdən uzaq olduğunu, vaxtının çox hissəsini dostlarıyla keçirdiyini deyib: “Oğlumu öldürən adamı tanımıram. Gecə Tamirlan evə gəlmədikdə elə bildim dostlarının yanındadır. Səhər Camal adlı qohumum zəng vurub Tamirlanın bıçaqlandığını və meyitinin morqda olduğunu dedi. Nazimin mənim oğlumu niyə öldürdüyünü bilmirəm. Nə özümün, nə də ailə üzvlərimin onunla ədavəti, düşmənçiliyi olmayıb”.

Şahid qismində dindirilən Fədai Həsənov ifadəsində əvvəllər Tamirlanla aralarında narazılıq olduğunu, amma sonradan bu məsələyə aydınlıq gətirdiklərini deyib. Fədai Həsənovun ifadəsinə görə, beş il əvvəl Tamirlan ona məxsus maşını almaq istəyib. Elə o vaxtdan tanışlıqları yaranıb. Həmin ərəfələrdə çayxanada Tamirlanla görüşüb bir yerdə çay içiblər. Bir neçə gün sonra isə Tamirlan ondan ayrıldıqdan sonra polis tərəfindən saxlanıldığını, üzərindən narkotik tapıldığını deyib.

 “Polis tərəfindən saxlanılmasında məndən şübhələnirdi. Elə bilirdi ki, üstündə nəşə olması haqda polisə mən məlumat vermişəm. Ona bu işdə əlimin olmadığını, nahaq yerə məndən şübhələndiyini dedim. Bundan sonra daha heç bir söz-söhbətimiz olmadı. Yanvarın 15-də polisdən zəng vurub qardaşımın adam bıçaqladığını dedilər.  Ümumiyyətlə, Tamirlan mərdimazar adam idi.  İçkili olanda özünü idarə edə bilmir, dava salır, ona-buna sataşırdı. İndi də Nazimə sataşıb özünü də, qardaşımı da bədbəxt elədi”,-o bildirib.

Məhkəmənin hökmü ilə Nazim Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"