Venesuela Birləşmiş Ştatların dövlət neft şirkətinə sanksiyalarına cavab verib. Ölkənin Ali Məhkəməsi müxalifət lideri Xuan Guaidoya səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.
Yanvarın 29-da Vaşinqton bu addımlarla bağlı xəbərdarlıq edib, ancaq konkret hansı tədbirlər görəcəyini dəqiqləşdirməyib.
Birləşmiş Ştatlar hakimiyyətini saxlamağa çalışan prezident Nikolas Maduronu qanunsuz lider elan edib, Guaidonu Venesuela prezidenti kimi tanıyıb.
Yanvarın 28-də isə ABŞ Xəzinədarlıq Departamenti Venesuelanın PDVSA dövlət neft şirkətinə sanksiyalar tətbiq edib. Bu şirkət iqtisadi böhran yaşayan ölkədən ötrü əsas gəlir mənbəyi sayılır.
Vaşinqton onu da bildirib ki, PDVSA-nın ABŞ-dakı filialı Citgoya məxsus bank hesabları Guaidoya veriləcək.
Yanvarın 29-da Venesuelanın baş prokuroru Guaidonu ölkənin daxili işlərinə müdaxilədə xarici ölkələrə kömək etməkdə suçlayıb, Ali Məhkəmədən onunla bağlı araşdırma aparmağı xahiş edib.
Maduroya sadiq məhkəmə xahişi yerinə yetirməyə razılaşıb, 35 yaşlı liderə səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.
Bu, Ağ evin milli təhlükəsizlik müşaviri Con Boltonun sərt tənqidinə səbəb olub, o xəbərdarlıq edib ki, demokratiyanı devirməyə, Guaidoya zərbə vurmağa çalışanlar ciddi fəsadlarla üzləşəcəklər.
Yerli televiziya yanvarın 29-da Maduronu hərbi bazada göstərib, o, ölkənin silahlı qüvvələrinin sadiqliyini alqışlayıb.
Rusiya ABŞ-ın Venesuela böhranıyla bağlı hərəkətlərini pisləyib, Çin xəbərdarlıq edib ki, bu addımlar ölkə əhalisinin əzab çəkməsiylə sonuclanar.
(Azadlıq radiosu)