Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək

17 May 2019 - 00:17
97 oxunma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Reportyor.info xəbər verir ki, sərəncamda 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi tamam olduğu bildirilir.

“Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur.

Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur.

Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.

Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və muxtar respublikada səhiyyə turizminin inkişafındakı rolunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi geniş qeyd edilsin.

2. “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"