“Deməzdim ki, Azərbaycanda aparılan sosial-iqtisadi, kadr və struktur islahatlarının sürəti aşağı düşüb. İslahatlar davam edir. Sadəcə, bu proses ağır işdir və birdən-birə aparmaq elə də asan deyil”.
Bu fikri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov həmkarı Qüdrət Həsənquliyevin ölkədə islahatların gecikdiyini söyləməsinə münasibətində bildirdi.
Onun sözlərinə görə, yeni qanunlar qüvvəyə minir, struktur və kadr dəyişiklikləri davam edir. Deputatın fikrincə, yenə prezident tərəfindən islahatlar aparılacaq, fərmanlar, sərəncamlar imzalanacaq: “Sentyabrdan əlavə maliyyə dövriyyəyə buraxılacaq və görək özünü necə aparacaq”.
V.Əhmədov qeyd etdi ki, islahatları sürətləndirmək lazımdır: “Qüdrət müəllimlə razıyam, islahatları tezləşdirmək lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, islahat prosesi yüngül keçmir. Amma əmin ola bilərsiniz ki, davamlı xarakter daşıyacaq”.
Bir vəzifədə onillərdir oturan məmurların işdən çıxarılmasına zərurət olduğu fikrinə isə deputat bu cür şərh verdi: “Azərbaycan 28 ildir müstəqil dövlətdir. Amma köhnə psixologiyadan qurtula bilmirik. Əlbəttə ki, cavan kadrlar təyin olunub, onların fəaliyyətində müsbət hallar da, çatışmazlıqlar da var. Sadəcə, yaşlı kadrlardan istifadə etmək lazımdır. Onların təcrübəsinə ehtiyac var və birdən-birə yaşlı kadrlardan imtina etmək problem yarada bilər”.