Türkiyədə doğranaraq “kislota”da əridilən jurnalistin nişanlısından ŞOK AÇIQLAMAR

20 İyul 2019 - 10:22
756 oxunma

Hatice Cengiz: ““Məni burda gözlə. Bu çox çəkməyəcək” dedi və bir daha qayıtmadı”

Bu bir sevgi hekayəsi idi, yalnız bir yay davam etdi. 36 yaşlı türkiyəli yazar Hatice Cengiz ilə jurnalist Camal Qaşıqçı İstanbulda bir konfransda tanış oldular. Daha sonra ilk görüşə qədər gündəlik telefonla danışdılar. İyulda (2018) onlar münasibətlərini evliliyə aparmaqla yeni bir mərhələyə başlamaq istədilər, nişanlandılar. Bu xoşbəxtlik dünyanı sarsan bir hadisə ilə sonlandı. Jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında evlilik sənədləri ilə bağlı girdiyi Səudiyyə Ərəbistanı Baş Konsulluğundan çıxmadı və ondan indiyə kimi bir xəbər alınmadı. Ardından bütün dünya mediası Camal Qaşıqçının Səudiyyə şahzadəsi Məhəmməd İbn Salmanın əmri ilə öldürüldüyü ilə bağlı xəbərlər verməyə başladı. Verilən xəbərlər ona əsaslanırdı ki, Səudiyyə şəhzadəsi ən yaxın adamı və dövlət məmurlarını “Qaşıqçı əməliyyatı” üçün İstanbula göndərmişdi. Özü də gecə ilə. Camal Qaşıqçı   “Washington Post”  qəzeti ilə əməkdaşlıq edirdi və yazılarında tez-tez Səudiyyə Ərəbistandakı rejimini sərt şəkildə tənqid edirdi. O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə demişdi ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: “Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. “Washington Post” qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi”.

AzEuroNews.com mərhum jurnalistin nişanlısı Haticə Cengizin Fransanın “Paris Match” qəzetinə verdiyi və Almaniyanın “Bild” qəzetində təkrar çap edilən müsahibəni təqdim edir:

  • Cama Qaşıqçını necə tanıdınız?
  • Mən onun yazılarını müntəzəm olaraq oxuyurdum və sosial şəbəkədə dost idik. O, Səudiyyə Ərəbistanından olsa da, türk kökənli idi. Onun yazıları birmənalı qarşılanmasa da, fikirlərimiz bir çox mövzuda üst-üstə düşürdü. Mən onunla 2018-ci ildə İstanbulda keçirilən bir konfransda tanış oldum. Mən onun məni tanımasını istəyirdim. Konfransda fasilə zamanı o, mənə yaxınlaşdı. Mən ona dedim ki, təqdimatımı tamamlamaq istəyirəm. Qaçıqçı mənə söylədi ki, konfrans ərzində bizim vaxtımız olsa, təqdimatı birlikdə müzakirə edə bilərik. Türkiyədə seçki dövri idi. Mən ondan müsahibə alıb Türkiyədəki bir qəzetdə yayınlamaq istəyirdim. Söhbətimizin bu əsnasında onun çəhrayı rəngli “İphone”nu zəng çaldı və bir neçə dəqiqə danışmadan telefona baxdı.
  • Sonra işlər necə getdi?
  • Mən Camal Qaşıqçı ilə müsahibəyə razılıq almaq üçün baş redaktoruma zəng vurdum. Amma o, nədəsə müsahibəyə isti yanaşmadı. “Türkiyə və Səudiyyə Ərəbistanı arasında münasibətlər heç də yaxşı deyil” -deyə o bildirdi. O, problem istəmirdi. Mən müsahibə üçün başqa bir media orqanı tapdım. Daha sonra mən başqa bir media orqanı ilə əməkdaşlığa başladım. Və Camal ilə müsahibəni oradan yayımlamağa çalışdım. Çox az şansım var idi. Camal ilə mən bir-birimizə elektron poçt adreslərimizi verdik. O, Vaşinqtonda yaşayırdı və məni yenidən görmək istədiyini söylədi. Çaşıb qalmışdım və çox xoşbəxt idim.Təbii ki, hislərimin arasında başqa nəsə yox idi. Yalnız Camal ilə müsahibəni düşünürdüm. Bir həftə sonra o yenidən Türkiyəyə gəldi. Biz bir kafedə görüşdük. Onun Vaşinqtona qayıtmasına qədər bizim çox az vaxtımız var idi. Biz siyasətlə bağlı mövzunu sürətlə keçdik. O, mənə öz həyatından danışmağa başladı. Camal mənə həyatda birinə güvənmək istədiyini söylədi. Daha sonra birinci evliliyi, uşaqları və boşaması haqqında danışdı. Vaşinqton və Səudiyyə Ərəbistanındakı həyatını müqayisə elədi. O, öz ölkəsindəki hadisələrdən ümidsiz olduğunu söylədi.
  • Niyə? 
  • Çünki ölkəni tərk etməyə məcbur etmişdilər. O, ölkəsindəki həbslərdən şoka düşmüşdü. Camal düşünürdü ki, şahzadə Salmanın siyasəti xaosla nəticələnəcək. Bu səbəbdən çox pessimist idi.
  • O təhdid edildiyini hiss etmişdi?
  • Xeyr, bu barədə danışmadı.
  • Və sonra?
  • O, telefonla selfi çəkmək istədi. Ancaq öz telefonu ilə. Başa düşürdüm ki, o, mənim şəkli sosial şəbəkələrdə yayacağımı düşünür. Nədə olsa  o, cənab Camal Qaşıqçı idi. Mən onu hava limanına qədər ötürdüm. Təxminən yarım saat sonra o, mənə çəkdirdiyimiz şəkli göndərərək yazdı ki, tezliklə İstanbula qayıdacaq. Sonra biz günün bütün saatlarında demək olar ki, yazışırdıq. İyulun sonu o qayıtdı. Biz möhtəşəm bir həftə keçirdik. Hər saniyə zövq alırdım. Vaşiqntona gedərkən mənimlə evlənmək istədiyini söylədi. Çünki tezliklə 60 yaşı olacaqdı və gecikmək istəmirdi. Mənə çox gözəl bir üzük hədiyyə etdi. (Telefonunu çıxarıb üzüyün şəklini göstərdi)
  • O, sənin ilk məhəbbətin idi?
  • Bəli, ilk və tək. Mənim onunla Amerikaya getməyimi istəyirdi. Camala başa saldım ki, bizim cəmiyyətdə belə şey normal qarşılanmaz. Münasibətimizi evliliklə rəsmiləşdirsək, problem olmaz. O, israr etmədi. Toy üçün ənənəvi törən istəmirdi. Bu da mənə uyğun idi.
  • Ailəniz mühafizəkardır. Yaş fərqiniz onları narahat etdimi?
  • Mənim atam üçün bu böyük problem idi. Camal mənim anam yaşında idi. Ancaq mən öz qəti qərarımı onlara söylədikdən sonra atam sadəcə “Xoşbəxt olun” dedi.
  • Camal sizə nə vaxt Səudiyyə Ərəbistanı Baş Konsulluğuna getmək istədiyini söylədi?
  • Məndən internetdə evliliklə bağlı lazım olan sənədlərin nə olduğunu tapmamı istədi. İkimiz də bilirdik ki, ilk növbədə bizdə Camalın boşandığı ilə bağlı rəsmi sənəd olmalıdır. “Görəsən, baş konsulluğa getmək məcburiyyətindəyəm?”deyə o soruşdu. Heç bir fikrimin olmadığını bildirdim. Daha sonra tövsiyyə etdim ki, Amerikadakı dostlarından öyrənsin. Çünki onların çoxu əcnəbilərlə evli idilər. Ona bu sənədin skan forması var idi. Amma, bu yetərli deyildi. Bizim orijinal sənədə ehtiyacımız var idi. Və bildiyim o idi ki, o, təkcə bir sənədə görə İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsolluğuna getməli idi.
  • Bu vaxt o təhdid edildi?
  • Xeyr, amma, qorxduğu şey konsulluğa getdiyi təqdirdə onun pasportunun müsadirə edilə bilməsi idi. Camalı Səudiyyə Ərəbistanına da deportasiya edə bilərdilər. Düzdür, bunun olacağına inanmırdım. Çünki Camalın depeortasiya məsələsində Türkiyə hökumətinin də razılığı olmalı idi. Mənimlə evlənmək istədiyini və atama fikrinin ciddi olduğunu göstərmək üçün iyulun 20-si İstanbulda bir ev aldı. Evə mebel seçməkdə ona kömək etdim. Evə lazım olan əşyaların bir çoxu artıq gəlmişdi. İyulun 28-də evlənmək üçün bələdiyyə binasına getdik. Yenə bildirdilər ki,  boşanma ilə bağlı rəsmi sənədin orijinalına ehtiyac var. Birdən-birə “Gəl” dedi. “Bəli, birlikdə ora gedirik” dedim. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun adresini tapdıq və ora getmək üçün bir taksiyə mindik. Konsulluğa çatanda onu çox yaxşı qarşıladılar. Ancaq məni içəri buraxmadılar. Bir saat sonra Camal konsulluqdan çıxdı və sənədin bir neçə günə hazırlanacağını söylədi. Çünki konsulluq işçilərinə demişdi ki, Londona getməlidir. Oktyabrın ikisi qayıdacaq.
  • Konsulluqda sizə lazım olan sənəd hazır ola bilərdi? Bəlkə cinayət üçün özləri bilərəkdən bir neçə gün sonra gəlməsini istəyiblər?
  • Tək bildiyim o idi ki, sənəddə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin imzasının olmasının vacibliyi idi. Və bu bir neçə gün çəkə bilərdi. Camal onlara inandı. Londondan qayıtdıqdan sonra yeni evimizdə birlikdə səhər yeməyi yedik. Universitetdə dərsim var idi amma, onu konsulluqda tək qoya bilməzdim. Mən bir qədər narahat idim. Baş Konsulluğa zəng vurdu. Camala dedilər ki, birazdan sizə zəng vuracağıq. 40 dəqiqə sonra konsulluqdan zəng gəldi. Camala saat 13:00 üçün gəlməsini söylədilər. Taksi çağırdıq və Baş Konsulluğa getdik. Taksidə yeni sifariş verdiyim soyuducu haqqında danışdıq. Soyuducu həmin gün gəlməli idi və mən sifarişi ləğv etdim.
  • Onun sonuncu sözü nə oldu?
  • Məni burda gözlə. Bu çox çəkməyəcək” dedi. Konsulluğa girəndən bir saat sonra mən qorxmağa başladım. Ancaq fikirləşdim ki, yəqin onlara təşəkkür edir, söhbət edirlər və s.
  • Qatillərin avtomobillərini gördünüz?
  • Xeyr, mən onları heç vaxt görmədim. Küncdə qara şüşəli avtomobillər dayanmışdı. Mən girişdən uzaqda idim. Bacıma konsulluğun saat neçəyə kimi işlədiyi ilə bağlı mesaj yazdım. Mesaj yazarkən əllərim titrəyirdi. Mənə yazdı ki, saat 15:30-a kimi. Saat 16:00 idi. Artıq qorxmağa başlamışdım. Mən iki türk polisə olanları anlatdım. Onlar nəsə edə bilməyəcəklərini bildirdilər. Daha sonra konsulluğa zəng vurdum və Camalın niyə hələ də içəridə olduğunu söylədim. Kim olduğumu soruşdu. Nişanlısıyam dedim. Konsulluğun yanındakı polis postunun yanına gəlməmi istədi. Getdim ora. Konsulluğun kişi əməkdaşı mənə olduqca aqressiv bir şəkildə “İçəridə heç kim yoxdur. Hamı getdi” dedi. Sonrası da bütün dünyaya məlumdur.

Tərcümə: Gündüz Nəcəfov

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"