Trampdan Makrona tənqid – İran gərginliyi…

9 Avqust 2019 - 15:26
173 oxunma

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Vaşinqtonla mümkün danışıqlarla bağlı İrana “qarışıq siqnallar” göndərməkdə suçlayıb.

“İran ciddi maliyyə problemi içindədir. Onlar Birləşmiş Ştatlarla danışmağı çox istəyirlər, ancaq Fransa Prezidenti Makron daxil özlərini bizim təmsilçi kimi göstərənlərdən qarışıq siqnallar alırlar”, – Tramp avqustun 8-də tvitində yazıb.

“Bilirəm ki, Emmanuelin, digərlərinin niyyəti yaxşıdır, ancaq Birləşmiş Ştatların adından yalnız Birləşmiş Ştatlar danışır”, – Tramp yazıb.

Tramp 2018-ci ilin mayında İranın 2015-ci ildə altı ölkəylə imzaladığı nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. O, sazişin şərtlərinin İranın nüvə silahı hazırlamasını önləməkdən ötrü yetərincə sərt olmadığını deyib.

Tramp İran liderləri ilə danışmaq istədiyini desə də, Tehran öncə sanksiyaların qaldırılmasını tələb edir.

Fransa, Britaniya, Almaniya, Rusiya və Çin sazişdən çıxmayıb, Vaşinqtonu da sənəddə qalmağa çağırıb.

Makron Ruhanini dəvət edibmi

Trampın tvitlərində nəyi nəzərdə tutduğu aydın olmayıb, Ağ ev də şərh verməyib.

Bu həftənin əvvəlində Al-Monitor xəbər yayıb ki, Fransa lideri İran Prezidenti Həsən Ruhanini ayın sonunda Fransada keçiriləcək G7 sammitinə dəvət edib.

Fransanın diplomatı isə məlumatı təkzib edərək “Reuters”ə deyib ki, “əsas məsələ İranın nüvə öhdəliklərinə əməl etməsidir”.

Nüvə məsələləri ilə yanaşı, Qərblə Tehran arasında gərginliyi Fars Körfəzində bir sıra insidentlər də gücləndirib.

Oman sahillərində Qərbin neft tankerlərinə hücumlardan sonra regionda silahlı münaqişə sarıdan narahatlıq artıb. Həmin hücumlarda xəsarət alan olmayıb, ancaq gəmilərə ziyan dəyib. Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı isə hücumlara görə İran və onun proksilərini suçlayıb. Tehran isə hücumlarda əli olmadığını deyib.

Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini saxlayandan sonra İran da körfəzdə Britaniya tankerini saxlayıb.

Britaniya avqustun 5-də bildirib ki, körfəzdən keçən ticarət gəmilərinin qorunması üçün “beynəlxalq dəniz təhlükəsizliyi missiyası”nda Birləşmiş Ştatlara qoşulur. (azadliq.org)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"