İllərdir ki, Bakının şimala gedən yolu tıxacların cəngində can verirdi. Paytaxtın Sumqayıt istiqamətinə doğru hər gün sıxlıq, tıxaclar hökm sürürdü.
Günün pik saatlarında isə bir fəlakət yaşanırdı. Hər gün minlərlə avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şosesindən paytaxta daxil olur.
Bu zaman vətəndaşlar istər giriş zamanı, istərsə də şəhəri tərk edərkən təxminən gündə bir saat, saat yarım vaxt itirir. Bunu isə günlərə, aylara vurduqda kifayət qədər böyük rəqəm edir.
Ancaq bu məsələ artıq köklü şəkildə həllini tapmağa doğru gedir. Hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir.
Buna Reportyor.info üçün reportaj hazırlayarkən şahid olduq. Prezidentin sərəncamı və tapşırığı əsasında başlanan irmiqyaslı işlər sürətlənmədədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən işlər bu istiqamətdə tıxacların azalmasını nəzərdə tutur.
İş icraçıları ilə söhbətimizdə öyrəndik ki, Sumqayıta doğru daha iki zolaq yaradılır. Şəhərin 20 Yanvar dairəsində işlər artıq yekunlaşıb və Sumqayıt yolunun tamamlanması üçün tikinti intensivləşir.
Söhbətləşdiyimiz iş icraçıları bildirdilər ki, Masazır qəsəbəsinə qədər olan hissədə hər iki istiqamətdə hərəkət zolaqları genişlənir.
Onların sözlərinə görə, yol kənarlarında olan süni təpəciklər sökülüb, körpülərin alt hissəsində genişləndirmə işləri aparılıb. Yəni mövcud olan iki zolaqlı tunel dəmir beton maneələrlə kəsilir.
İşlərlə tanışlıq zamanı məlum oldu ki, “20 Yanvar” istiqamətindən Sumqayıta, “Şamaxı yolu”ndan keçən tuneldən çıxan nəqliyyat vasitələri həmin o iki zolağa daxil olduqda birbaşa Masazır -Ceyranbatan – Sumqayıt – Quba istiqamətində heç bir maneə olmadan hərəkət edə biləcəklər. Bu da tıxacların səngiməsinə ciddi şəkildə kömək edəcək.
Öyrəndik ki, digər iki zolaq Xırdalan – Binəqədi – Biləcəri – Masazır və Şamaxı istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulacaq.
İcraçılar deyirlər ki, Xırdalan dairəsi ətrafında davam edən prosesin mayın sonuna qədər yekunlaşması planlaşdırılır.
Ondan sonra isə ikinci mərhələyə başlanılacaq. İkinci mərhələnin başa çatması isə ilin sonunda mümkün olacaq.
REPORTYOR.info