“SOYUQ MÜHARİBƏDƏN SONRA ƏN TƏHLÜKƏLİ DÖVRDƏ YAŞAYIRIQ” – NATO-nun başçısından xəbərdarlıq (Müsahibə)

27 İyun 2018 - 00:14
675 oxunma

ATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib.

“AzPolitika.info” Stoltenberqlə maraqlı müsahibənin tərcüməsini təqdim edir:

– Cənab baş katib, Sizi gecələr yatmağa qoymayan narahatedici nə var?

– Xoşbəxtlikdən mən yaxşı yatıram. Bu gün sülhə qlobal təhlükə yoxdur, lakin bizim öz həllini gözləyən çoxlu problemlərimiz var. Bunlar terrorçuların törətdikləri təhlükə, Avropa şəhərlərinə qarşı birbaşa təhlükə təşkil edən Yaxın Şərqdəki, Afrikadakı zorakılıq və xaosdur. İŞİD nəzarət etdyi ərazilərin xeyli hissəsini itirməsinə baxmayaraq, yenə də mövcudluğunu sürdürür və ona görə də, biz onların yenidən dirçələ bilməməsi üçün hər şeyi etməliyik.
Bizim Rusiya ilə əlaqələrimiz gərgin olaraq qalır. Rusiya bizim siyasi proseslərimizə müdaxilə etməklə yanaşı qonşularına qarşı hərbi gücdən istifadə edir, Sərqi Ukraynadakı sabitliyi pozur. Bundan başqa biz daima yeni kiber təhlükələr və kütləvi qırğın silahlarının yayılması ilə qarşılaşırıq. Buna nümunə kimi Şimali Koreyanı misal çəkə bilərik.

– Beləliklə, Siz sakit yata bilirsiniz…

– Soyuq müharibə illərində NATO üçün başlıca təhlükə Sovet İttifaqı idi. O zaman vəziyyət təhlükəli olmaqla, eyni zamanda da sabit və bəlli idi. İndi dünya daha az öncəgörüləndir və biz haradan gəlməsindən asılı olmayaraq, istənilən təhlükəyə reaksiya verməyə hazır olmalıyıq.

– Soyuq müharibə dövrü bir-birini qarşılıqlı surətdə dəfələrlə məhv etmək təhlükəsi mövcud idi. İndi o vaxta nisbətən daha böyük təhlükə mövcuddur, baxmayaraq ki, təhlükə mənbəyinin imkanları soyuq müharibədəki tərəflərin imkanlarından zəifdir…

– Elə böyük paradoks da məhz bundadır. SSRİ və NATO arasındakı gərginlik onillərlə mövcud olub. Minlərlə nüvə başlığı Avropanın hər iki hərbi bloku – NATO və Varşava Müqaviləsi Təşkilatı tərəfində yerləşdirilmişdi. Buna baxmayaraq, dünya daha öncəgörülən və təhlükəsiz idi.

İndi tamamilə başqa vəziyyət mövcuddur. Varşava Müqaviləsi Təşkilatı dağılıb, Rusiya isə SSRİ deyil. Rusiyanın Ümumi Daxili Məhsulunun həcmi İtaliya və ya İspaniya kimi ölkələrin səviyyəsindədir. Varşava Müqaviləsi Təşkilatının səkkiz üzvündən yeddisi NATO-nun üzvü olub. Həm də ki, keçmiş sovet pribaltika ölkələri də NATO üzvü olublar.

İndi isə baş verə biləcək hadisələrin öncəgörülməsi mümkünsüz olub. Bu təhlükə 2014-cü ildən aydın görünməyə başlayıb. 2014-cü ilin əvvəlində heç kim İŞİD haqqında eşitməmişdi, amma bir neçə aydan sonra onlar artıq Suriya və İraqda Böyük Britaniyanın ərazisi qədər məkanı nəzarətlərində saxlayırdılar. Həmin ərazilərdə 8 milyon insan yaşayırdı. Biz Avropa şəhərlərində baş verən çoxlu sayda terror aktının şahidi olduq. NATO fikrini təkcə Rusiya və ya cihadçılardan gələ biləcək təhlükələr istiqamətinə cəmləməyə bilməz.

– Heç də çətin analiz aparmadan demək olar ki, ümumi yekunda SSRİ rasional oyunçu idi. Siz İran, Şimali Koreya və ya İŞİD kimi qüvvələrin strategiyasında rasionallıq görürsünüzmü?

– Bu da həmin şeydir. Təhlükə bir-birindən fərqlənir və onlar çoxdur. İslam dövləti terror təşkilatıdır və onlar terror aktlarının həyata keçirilməsində öz döyüşçülərini qurban verməyə hazırdırlar. Qəddarlığın bu səviyyəsini biz öncə görməmişik. Rusiya bizim qonşumuzdur və biz Moskva ilə münasibətlərin yaxşılaşmasına çalışırıq. Biz Rusiyanın istənilən NATO üzvü ölkəsinə qarşı bilavasitə hərbi hücum edə biləcəyi təhlükəsini görürük. Bizim sərhədlərimiz yaxınlığında qeyr-stabillik qeydə alınır. Hakerlər, terrorçular və sairə. NATO onlar tərəfindən gələ biləcək təhlükəyə reaksiya verməyi bacarmalıdır.

– Siz bizim təhlükəsizliyimizlə bağlı məsələdə ən incə tərəfi söyləyə bilərsinizmi? Bu xüsusda Sizin yadınıza nə düşür?

– İndi biz soyuq müharibədən sonra qlobal miqyasda ən təhlükəli dövrü yaşayırıq. Məhz elə buna görə də NATO hal-hazırda kollektiv müdafiəni gücləndirmək üçün böyük iş görür. Biz NATO-nun çevik qüvvələrini üç dəfə artırmışıq və həmçinin də Şərqi Avropada 4 batalyon yerləşdirmişik. Birləşmiş Ştatlar Avropa ərazisinə yenidən qoşunlar yerləşdirir və biz NATO-nun iyul sammitində mühüm qərarlar qəbul ediləcəyini gözləyirik. İndi biz kiber hücümlar da daxil olmaqla, baş verəcək hibrid təhlükələrə qarşı sürətli reaksiya göstərə bilərik.

yens-stoltenberq

– Müttəfiqlərin cərgəsindəki siyasi böhran kollektiv təhlükəsizliyə nə dərəcədə təsir edir?

– NATO-nun tərkibinə 29 suveren demokratk dövlət daxildir. Biz seçkilərdə öz iradələrini ortaya qoyan vətəndaşların istəklərinə hörmətlə yanaşmalıyıq. NATO-nun 70 illik mövcudluğu ərzində bizim həmişə başlıca məqsədimiz hər bir üzv ölkənin təhlükəsiziyini təmin etmək olub. Mən tamamilə əminəm ki, NATO bu məqsədini gələcəkdə də əsas tutaraq güclü və vahid olacaq.

– İndi vəziyyət dəyişib. ABŞ və İtaliya kimi mühüm əhəmiyyət kəsb edən ölkələr Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvinə çağırışlar edirlər. Onlar Rusiyanın “Böyük yeddiliyə” qayıtmasını istəyirlər?

– Keçmişdə bu və ya digər problemlərin həlli üsullarının müxtəlif yolları vardı, lakin biz daima razılığa gəlmə qabilyyətimizi sübut etdik. Bloka 29 ölkə daxildir və ona görə də müxtəlif nöqteyi-nəzərlər var, amma tarix göstərdi ki, biz ziddiyətlərin öhdəsindən gəlməyi bacarırıq.

Bu, Qərb ölkələrinin müxtəlif cür yanaşmalarla qarşılaşdığı birinci hadisə deyil. Belə ki,1956-ci il Süveyş böhranını və ya Fransanın 1966-cı ildə NATO-nun siyasi strukturunda qalmaq şərtiylə hərbi strukturdan çıxması hadisəsini yadınıza salın. 2003-cü ildə İraqdakı müharibə də NATO ölkələri arasında müxtəlif cür qarşılandı.
İndi bizim ciddi fikir ayrılığımız var, amma tarixi təcrübə sübut edir ki, biz fikir ayrılığımızı yoluna qoya biləcəyik və bizim əsas tapşırığımız olan alyansın müdafiəsini yerinə yetirəcəyik.

Bu gün bizim ticarət, iqlim dəyişikliyi, İranla nüvə silahı müqaviləsi kimi problemlərin həlli məsələlərinə baxışlarımızda fərqlər mövcuddur. Lakin eyni zamanda onu da qeyd etmək gərəkdir ki, bizim siyasi əməkdaşlığımız iki il bundan öncəsinə görə daha sıxdır.

– Donald Tramp və Kim Çen In tərəfindən əldə olunmuş razılaşmanı necə dəyərləndirirsiniz? Bu, müqavilədirmi?

– Biz Koreya yarımadasındakı böhranın sülh yoluyla həll edilməsi istiqamətinə yönəlmiş istənilən səyləri alqışlayırıq. Biz Şimali Koreyanın nüvə silahından imtina etməsini dəstəkləyirik. Hələlik Şimali Koreyanın davranışlarında real dəyişiklər görmədiyimiz üçün sanksiyaların götürülməməsi mühümdür. Ümid edirik ki, ABŞ və Şimali Koreya liderlərinin görüşü Koreya yarımadasını nüvə silahı olmayan bölgəyə gətirib çıxaracaq.

– Belə bir təsəvvür yaranır ki, Siz buna axıra kimi əmin deyilsiniz…

– İş ondadır ki, uzun illər ərzində biz Şimali Koreya ilə razılaşmaya gəlmənin və sonra isə onun yerinə yetirilməsinə nail olmanın çətinliyini görmüşük. Biz geriyə çəkilməməliyik, ona görə ki, bunun alternativi nüvə silahının hazırlanması və ya münaqişədir. Biz isə hadisələrin bu cür cərəyan etməsindən qaçmalıyıq. Elə bu səbəbdən də diplomatik və siyasi kanallardan və eləcə də iqtisadi sanksiyalardan istifadə etməklə Şimali Koreyaya maksimal təzyiq göstəririk. Pxenyan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyənə kimi təzyiqi davam etdirmək lazımdır.

– Siz İrana qarşı münasibətdə skeptiksiniz, yoxsa nikbinsiniz?

– Bizim bütün müttəfiqlərimiz İranın nüvə və raket proqramının inkişafından narahatdırlar, çünki bu, regiondakı vəziyyəti gərginləşdirir. 2015-ci ildə NATO İranla bağlanmış müqaviləyə müsbət yanaşırdı, lakin nail olunmuş razılaşmadan heç də bütün müttəfiqlər məmnun deyillər. Biz onların narahatçılığını bölüşürük.

– İnsanları toksinlərlə zəhərləyənlərlə, hava məkanını pozanlarla, seçkilərə müdaxilə edənlərlə və ya qonşularının daxili işinə qarışanlarla necə münasibət qurmaq olar?

– Sizin haqqında danışdıqlarınızın hamısı Rusyaya qarşı bizim fəaliyyət planlarına daxildir. Biz Kremlə aydın siqnal göndəririk: NATO öz müttəfiqlərini istənilən təhlükədən qorumağa və müdafiə etməyə hazırdır. Bu, Ukraynada baş verənlərdən sonra alınmış proporsional və adekvat qərardır. Bildiyiniz kimi, İspaniya öz hərbi kontingentini Latviyaya göndərib. Bundan başqa İspaniya Pribaltikada hava patrulunda da iştirak edir.

– Rusiya Krımı işğal edəndə alyans Rusiyaya hansı siqnal göndərdi?

– Biz Rusiya rəhbərliyinə nümayiş etdirdik ki, bu praktikanın NATO üzvü ölkələrinə qarşı təkrarlanmasına heç zaman imkan veməyəcəyik. Eyni zamanda da biz yeni soyuq müharibə və ya silahlanmanı istəmədiyimizi anlatdıq. Rusiya bizim qonşumuzdur və ona görə də biz onunla xeyirxah münasibətlər yaratmağa səy göstərəcəyik. Lakin bu xeyli vaxt tələb edir. Belə ki, biz indi baş verən neqativ prosesləri həll etməliyik. Hal-hazırda Rusiya ilə sərhəddə hərbi təlimlərin keçirilməsinə üstünlük veririk, amma biz Türkiyədə Rusiya qırıcısının vurulması kimi faciəli hadisələrdən hər vəchlə qaçmağa çalışırıq.

Biz Rusiya ilə dialoq qurmağa səy göstərir və təlim uçuşları barədə daimi məlumat verir, riskin azaldılması mexanizmlərini müzakirə edirik. Qeyd etmək lazımdır ki, 2014-cü ildən Rusiya–NATO Şurasının yığıncağı keçirilməyib. Əvvəllər bu cür yeddi görüş keçirilib.

– Sizin Putinlə heç bir dəfə də görüşməməyiniz faktını necə dəyərləndirmək olar?

– Mən Norveçin baş naziri olanda onunla görüşmüşəm. NATO baş katibinin Putinlə görüşməməsi, bir daha Moskva ilə münasibətlərin sadə olmadığını göstərir. Hesab edirəm ki, Lavrovla əlaqə çox faydalı olub. Ona görə yox ki, biz mövqelərimizdən geri çəkilirik, ona görə ki, açıq fikir mübadiləsi hər iki tərəf üçün faydaldır. Münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoq vacibdir.

– Beləliklə, Siz Rusiya ilə qarşıdurmanın güclənəcəyini istisna edirsiniz, ya əksinə?

– İlk olaraq mən onu demək istəyirəm ki, biz Rusiya tərəfindən bilavasitə gələ biləcək hər hansı təhlükəni görmürük. İkincisi, NATO 70 il ərzində sülhü dəstəkləyib və onun üzvlərinə qarşı edilə biləcək birbaşa hücumlardan qaça bilib. Avropanın bütün tarixi boyu belə bir şey heç vaxt olmayıb. Əlbəttə, Balkanlarda və ya Ukraynada münaqişələr olub, ancaq 1945-ci ildən başlayaraq Avropa heç zaman bu cür uzunmüddətli sülh dövründə yaşamayıb. Bu təkcə NATO-nun nailiyyəti yox, həmçinin də İkinci Dünya Müharibəsindən sonra BMT, Avropa Birliyi kimi vətəndaş institutlarının fəaliyyəti ilə də bağlıdır.

NATO etibarlı önləyici tədbirlər mexanizmini həyata keçirir. Onun qarşısında duran tapşırıq – müharibə təxribatı yaratmaq yox, ondan qaçmaqdır.

– Ola bilər ki, Kataloniya böhranı Rusiyanın müdaxiləsidir? Bu NATO-nu narahat edirmi?

– Mən Kataloniya böhranında Rusiyanın konkret rolunu şərh etməyəcəyəm, bunu İspaniya hökumətinin ixtiyarına buraxıram. Mən yeganə onu deyə bilərəm ki, demokratik proseslərə təsir göstərilməsi ilə əlaqədar Rusiyanın davranışlarında müəyyən qanunauyğunluq sezmişik. Rusiya vətəndaş cəmiyyətinin sıralarında çaşqınlıq yaratmaq üçün dezinformasiyanın yayılması və kiberhücumlardan isifadə edib.

Bax buna görə də, NATO tərəfindən 5-ci bəndə uyğun olaraq təhlükənin neytrallaşması istiqamətində müəyyən addımlar atılır. Biz kiberməkanda baş verənləri diqqətlə izləyirik və baş vermiş təhlükəyə adekvat reaksiya göstərməyə hazırıq.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"