”Sevindik Hətəmov prezidentin siyasətinə qarşı”…Səlyanda fermer üsyanı

2 İyul 2018 - 22:15
1949 oxunma

Salyanda Bayram Kəndli (Fermer) təsərrüfatının müqaviləsini uzatmaqdan imtina edirlər

Uşaq, sən ehsanlıq tuta da çıxma!..

Mir Cəlal Paşayev

Azərbaycanın böyük yazıçısı, müasirlərinin sözlərinə görə çox humanist şəxsiyyət kimi tanınmış Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərində zavallı, talesiz, atasız uşaq Bahara öz Vətəninin torpağında elə öz xeyrinə bitmiş tut ağacına çıxmağı qadağan edənlərin obrazı gözlərim önündə təsadüfən canlanmadı. Buna Salyan rayonunun Böyük Noxudlu kəndində “Bayram” Kəndli (Fermer) təsərrüfatı üzvlərinin ilan mələyən Muğan düzündə min bir zəhmət, əziyyət bahasına qurub-yaratdıqları təsərrüfatın – dövlətimizin qəbul etdiyi bütün normativ, hüquqi aktlara uyğun olaraq rəsmən icarəyə götürdükləri 260 hektarlıq torpaq sahəsinin onların əlindən alınmasına “çeşidli cəhdlər” göstərilməsi faktı səbəb oldu.

Redaksiyamıza müraciətlə Salyan rayonunda onlarla müqavilənin uzadılmasının əngəllənməsindən şikayət edən “Bayram” Kəndli (Fermer) təsərrüfatının yerləşdiyi məkan, buradakı vəziyyət, təsərrüfatda aparılan işlər, təsərrüfatın fəaliyyətini şərtləndirən sənədlər toplusu ilə tanış olmaq məqsədilə Salyan rayonunda olduq. Məlumat üçün qeyd edim ki, Böyük Noxudlu kəndindən xeyli aralıda yerləşən, lakin inzibati baxımdan bu kəndə aid adıçəkilən ərazi 57 kənd sakini tərəfindən istifadəyə götürüldüyü 22 il ərzində xeyli abadlaşdırılmışdır. Bunu deməyə əsas verən həmin müddətdə əkilən ağacların artıq böyük yaşıllıq yaratması, qeyd etdiyimiz ilan mələyən Muğan çölündə ekoloji baxımdan təmiz, həmçinin yay üçün son dərəcə vacib sərin havanın yaranması ilə sonuclanmışdır (Təsərrüfat üzvləri bildirdi ki, bu amilin də torpağın onların əlindən alınmasına cəhdlər göstərilməsində rolu var. Belə ki, bir neçə ağacı belə əkib cücərtmək həvəsində olmayanlar buna da “hazırın naziri” qismində yiyələnmək istəyirlər – N. Z.).

Prezident Heydər Əliyevin dəstəyi ilə yaranan təsərrüfat

Hər işin əlifbası olduğu kimi, biz də təsərrüfatla tanış oluruq. Bəlli olur ki, təsərrüfatı 1996-cı ildə Nəcəfov Bayram Ağakişi oğlu 57 nəfər qohum və digər sakinlərdən ibarət böyüknoxudluların birgə iştirakı ilə qurub. Salyan Rayon İcra Hakimiyyəti başçısının elə həmin il 16 yanvar 1996-cı il tarixli sərəncamı əsasında fermer təsərrüfatı təsis olunub və ona uzun müddətə 260 ha torpaq sahəsi ayrılaraq müvafiq müqavilə imzalanıb. Bu zaman tam qanuni əsaslarla müəssisənin nizamnaməsi də təsdiqlənib. Sərəncamda rayon torpaq şöbəsi və istifadəçinin hüquqları, iş prinsipləri və s. öz təsdiqini tapıb. Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, o cümlədən torpağın xəritəsi, ərazinin qonşu torpaqları, sərhədləri və s. rəsmiləşdirilib (Sənədlərin surəti ilə yeri gəldikcə yazının çərçivəsində tanış ola bilərsiniz – N.Z.). Onu da diqqətinizə çatdırmaq istəyirik ki, təsərrüfat üzvlərinin sözlərinə görə, “Bayram” Kəndli (Fermer) təsərrüfatı Salyan rayonunda yaradılmış ilk fermer təsərrüfatıdır. Təsərrüfat mərhum prezident Heydər Əliyevin kənd təsərrüfatının inkişafına dəstək çağırışı əsasında yaradılıb. Hətta mərhum dövlət başçısı bu təsərrüfatı bir örnək kimi göstərərək onun açılışına o zamankı kənd təsərrüfatı naziri İrşad Əliyevi ezam edib. Nazir də burada tikilən çoban evinin bünövrəsinin qoyulmasında və indi kölgəliklər yaratmış həmin ağacların əkilməsi prosesində iştirak edib.

Bayram Kəndli (Fermer) təsərrüfatı noxudluların dayağıdır

Beləliklə, təsərrüfat öz inkişaf tempinə düşüb. Qoyunçuluğun, maldarlığın, taxılçılığın inkişaf etdirilməsi istiqamətində çox fəal fermer təsərrüfatlarından biri kimi tanınıb, ölkə əhalisinin təmiz qida təminatına, fermer təsərrüfatı üzvlərinin güzəranına xüsusi töhfələr verib. Bütün ümidlərini buraya bağlayan ailələrin də sayı bu illər ərzində artaraq 57-dən 90-a çatıb. Sonradan prezident İlham Əliyevin regionların inkişafı və ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması çərçivəsində “pambıq əkini” dövlət strateji planına uyğun olaraq “Bayram” Kəndli (Fermer) təsərrüfatının üzvləri də istifadələrində olan torpaq sahəsindən 52 hektarını ayıraraq pambıq əkininə başlayıblar. Hazırda burada pambıq da becərilir. Noxudlu kəndinin əhalisi bu torpaqda pambıq əkib-becərməklə həm özlərinə iş yeri tapır, həm də təbii ki, ailələrinin maddi durumunun yaxşılaşdırılmasına yardımçı olurlar. Onların Noxudlu kəndindən təxminən 40 km məsafədə yerləşən pambıq tarlasına gəliş-gedişini də bu məqsədlə tutulmuş avtomaşınlar həyata keçirir. Ölkəmizdə pambıq tədarükünü reallaşdıran “MKT İstehsalat Kommersiya” MMC -nin MKT-Salyan filialı 06 yanvar 2018-ci il tarixində təsərrüfatla müqavilə imzalamış, bu müqavilə əsasında hər hektara 60 AZN olmaqla onlara becərmə pulu, eləcə də su pulu və digər vəsaitləri ödəmişdir. Bir sözlə, fəaliyyət planı bu fermer təsərrüfatında sırf dövlət proqramlarına uyğun şəkildə qurulmuşdur. Belə olduğu təqdirdə, təsərrüfatın icarə müqaviləsi nəzərdə tutulmuş normativ aktların diqtəsi ilə avtomatik yenilənməli idi… Bəs müqavilənin uzadılmasından rayon rəhbərliyinin, bu xüsusda Azərbaycan Dövlət Əmlak Komitəsi Salyan Rayon Şöbəsinin imtina etməsi, onların iş-güc adamlarını iş-gücündən eləyib süründürməçiliyə vəsilə olmalarının arxasında hansı məqsədlər dayanır? Ölkə siyasətinin, iqtisadi-sosial proqramların həyata keçirilməsində bu qədər ardıcıl, bu qədər yaxından – bütün gücünü toparlamaqla iştirak edən bir təsərrüfatın sıradan çıxarılması kimlərin planındadır görəsən?! Noxudlu kəndinin yarıdan çoxunu əhatə edən, onlara iş yerləri, dolanışıq şəraiti yaradan bir təsərrüfatın əl-qolunu bağlamaq, müflisləşdirmək, öz ata-baba torpağından istifadəsinin qarşısını almaq… Yaxşı, bu insanlar torpaqlarını buraxıb hara köçsünlər, nəylə məşğul olsunlar?! Sizcə Azərbaycanımızın görkəmli yazıçısı Mir Cəlaldan yazıya epiqraf gətirdiyim “uşaq, sən tut ağacına da çıxma!” deyiminin nə qədər yerinə düşdüyünə şübhə yeri qalırmı?! Olsun ki, almanlar demiş “müqayisə bir qədər qüsurlu alınsın”. Ancaq məzmun bizə öz torpağımızın yetişdirdiyi tutdan yeməyə, hələ üstəlik tər-qan tökərək yetişdirməklə yeməyə imkan verilib-verilməməsini şərtləndirmirmi, sizcə?.. Aşağıda sizləri təsərrüfat üzvlərinin get-gələ saldırıldıqları dövlət qurumlarında, məmur qəbullarında eşitdikləri ifadələrlə də tanış edəcəyik. Hövsələli olun ki, bu təəssüfləndiyimiz reallıqları sonadək oxuya biləsiniz.

Dövlətin strategiyasına əsaslanan təsərrüfatçılar pambıq da əkiblər…

Fermer təsərrüfatının icarə müqaviləsinin uzadılmasından imtina bu təsərrüfatıyaradan, birgə əməyin təşkilinə nail olaraq onu inkişaf etdirən Nəcəfov Bayram Ağakişi oğlunun vəfatından sonraya təsadüf edib. İndi bu təsərrüfata mərhum fermerin həyat yoldaşı Nəcəfova Gülsüm Eynulla qızı, qardaşı Nəcəfov Aləddin Ağakişi oğlu və başqaları rəhbərlik edirlər. Təsərrüfat üzvləri onlara yaradılmış bu yorucu, bəlkə də qəsdən düşünülmüş bezikdirici problemlərin həlli üçün müvafiq ünvanlara üz tutmağı onlara həvalə ediblər. Gecəni gündüzə qataraq təsərrüfat yaratmış, indi isə məmur qapılarında qalmış bu insanları dinləyirik.

Aləddin Nəcəfov:

– Hələlik eşitdiyimiz yeganə söz bu oldu ki, bu torpaqları qoyub çıxmalısız. Eşitdiyimiz ancaq budur. Dünən bizi polis rəisi çağırmışdı. Dedi ki, sabah iki nəfər polis işçisi də göndərəcəm. Birdən o adamları döyüb eləyərlər. Mən də rəhmətlik qardaşımın yoldaşı, bax bu Gülsüm Nəcəfova ilə getmişdim. Gəlinim dedi ki, bizi indiyədək nə adam döyən, nə də əstağfrullah adam öldürən kimi tanımayıblar. Sadəcə olaraq biz orda 95 hektar torpağın üstündə oturmuşuq ki, bizim balalarımız, bu qədər ailə ac-susuz, işsiz, avara qalmasın. Sonra bizi məhkəmə ilə hədələdi. Dedim bizi niyə hədələyirsiz? Biz bu dövlətin vətəndaşı deyilik?!..

Gülsüm Nəcəfova:

– Axı mən kimə neyləmişəm? Bu torpaqda 11 uşaq böyütmüşəm. Vətənimiz üçün, yurdumuz üçün. Anlamıram ki, mənim torpağımı əlimdən almaqla nəyə nail olmaq istəyirlər?

Aləddin Nəcəfov:

– Dedim cənab rəis, Azərbaycanın dövlət başçısı şəhərdə tikdirdiyi binaları hər görəndə onun ürəyi dağa dönür. Gör indi biz kəndlilər öz yaratdıqlarımızı görəndə necə qürur hissi keçiririk. Bəs onu bizim əlimizdən alanda nə hala düşürük? Mən prezidentin kəndlərə qaz, yol çəkdirməyini görəndə nə qədər fərəh hissi keçirirəm. Mənim kəndim Böyük Noxudlunun yolu yox idi. Hansı taksiyə deyirdik, bizi Noxudluya apar, 10 manat istəyirdi. İndi bir-iki manata gedirik o yolu. Mən belə dövlətin nəyindən inciyim. Dövlət təkan verir dolanışığımıza ki, qalxaq. Siz isə qarşısını alırsız. Axı bizə nə vermisiz, ala bilmirsiniz…

Aləddin kişi, sizinlə müqavilənin uzadılmasından imtina edilməsinə səbəb kimi nəyi göstərirlər?

– Konkret bir səbəb göstərmirlər. Bircə bildiyimiz odur ki, qonşu Qızılağac kəndinin yaxınlığında Aqroparkın yaradılması məqsədilə 450 hektar torpaq ayırıblar. Bu günədək orda nümunə üçün heç nə bitirməyiblər. Orada Ramin adlı bir icraçı işləyir. Deyilənə görə bu torpaqları o şəxs, ya da onun kimisə götürmək istəyir.

– Tutalım kimsə götürmək istəyir, bu öz yerində. Bəs müqaviləni uzatmayanların bəhanəsi, bir tutacağı yoxdurmu konkret olaraq?

– Dedikləri budur ki, guya prezident müqaviləsi başa çatanlarla yenidən müqavilə imzalanmasına icazə vermir.

– Bəs prezident tapşırıq verib ki, pambıqçılıq inkişaf etdirilsin. Siz də bu çağırışa qoşulub pambıq əkmisiz. Buna cavabları nə olur?

– Deyir ki, pambıqdan danışma. Onu özün üçün əkmisən. Onda deyirəm axı, bəs prezident bu qədər təbliğ edir pambıqçılığı, digər kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsini, aqrar sahənin inkişafını. Pul ayırır pamblqçılığa, baramaçılığa. Onda deyir sən dövlət üçün neyləmisən bu illər ərzində. Deyirəm axı dövlət bu sahənin inkişafına dəstək verib ki, insanlar iş yerləri ilə təmin olunsun, körpələr – gələcəyin əsgərləri, qız-gəlinləri ac qalmasın. Biz də bu tapşırıqlara əməl eləmişik.

– Aləddin kişi, Gülsüm xanım, siz hər halda yalnız polis şöbəsində yox, başqa təşkilatlarda da olmusuz. Onlar barədə məlumat verin mümkünsə…

– Məsələ belədir ki, biz harada oluruqsa, rayon rəhbərliyi bundan tez xəbər tutur. Bizi qaytarırlar geriyə ki, narahat olmayın, gedin öz işinizlə məşğul olun. Qayıdıb gəlirik. Ancaq hansı qüvvə təsir edirsə, heç nə dəyişmir. Biz Prezident Adminstrasiyasında bu sahənin kuratoru İbrahim müəllim Mustafayevin də qəbulunda olmuşuq. Ancaq bu ən yüksək instansiyaya dərdimizi deyəndən sonra da eyni aqibətlə üz-üzəyik. Rayonumuzun icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun qəbulunda olmuşuq. Ondan konkret bir cavab ala bilməmişik. Bu nə müəmmadır bilmirik. Necə olur ki, bizimlə müqavilə uzadılmır, ancaq ətrafımızda başqalarına torpaq sahələri ayrılır?! Bu ögey-doğmalığın səbəbinitapa bilmirik. Biz neyləmişik axı?…

– Sizə yatağı satmaq kimi təkliflər gəlirmi? Əgər gəlirsə, deməli bu artıq şəxsi təşəbbüs ola bilər. Yox əgər dövlət əhəmiyyətli hansısa bir lahihənin reallaşmasına ehtiyac olsaydı bu ərazidə, məsələn, elə Aqropark və s. kimi, o zaman dövlət özü kompensasiya ödəməklə yəqin ki, sizlərə təkliflər etmiş olardı…

– Var belə təkliflər. Şəxsi. Ancaq satmamışıq. Bir də satıb neyləyə bilərik? Tutalım filan qədər aldıq, bölüşdük, xərclədik, vəssalam. Bəs bu qədər ailələri neyləyək?! Bu bizim üçün, bütün kəndimiz üçün uçurum deməkdi. Ona görə bu barədə heç fikirləşə də bilmərik.

Gülsüm Nəcəfova:

– Allaha and olsun indiyədək Kəlbəcərdən gəlmiş beş ailəni də himayə edib özümüzlə bərabər burda saxlayıb dolandırmışıq. Bunu indi məcbur olub dedim. Əslində bunu bir insan, bir azərbaycanlı kimi özümüzə borc bilib eləmişik.

Aləddin Nəcəfov:

– Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmova dedim ki, biz orada – o səhralıqda gördüyünüz, qurub yaratdıqlarımızı dişimizlə, dırnağımızla, qanımız bahasına ərsəyə gətirmişik. İndi kimsə kənardan hər şeyi hazır görür, o torpaqlara göz dikir. Siz hörmətli Sevindik müəllimin bu fikrə münasibətinə diqqət yetirin. Deyir ki, mən sabah buradan icra başçısı postundan çıxıb gedəndə bu inzibati binanı da özümlə aparmalıyammı?. Dedim cənab başçı, bu binanı siz yox, dövlət tikib, orda yaradılanları biz öz əllərimizlə öz vəsaitimiz və canımız-qanımız bahasına qurub yaratmışıq. Bunlar necə müqayisə oluna bilər?..

Dedim gedin baxış keçirin o Aqropark dediyiniz əraziyə. Heç nə əkməyiblər. Bəs bunların işi nədir: Ancaq torpaqları ələ keçirmək? 90 ailənin balalarının başını kəsmək?! Heç nə demədi bu sualımın cavabında.

Sonra təsərrüfatın pambıq tarlasında işləyən qadınlarla söhbət etdik, onların iş şəraiti ilə tanış olduq, pambıq becərmələrinə tamaşa etdik, güzəranları ilə maraqlandıq. Burada onların işsizlik problemlərinin həll olunduğundan, nisbətən də olsa ailələrinə bu yolla çörək pulu apara bilmələrindən, bu minvalla tələbə oxutduqlarından, qız köçürtdüklərindən və s. danışdılar.

Bayram Kəndli (Fermer) təsərrüfatına yaradılmış problemləri ictimailəşdirməyi, ölkə rəhbərliyinin, əlaqədar qurumların, eləcə də bütün ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı biz də özümüzə borc bildik. Təbii ki, qeydlərimiz onlara olan təzyiqlərin az bir hissəsi idi. Amma medianın bütün etik çərçivələri gözləməklə yazmaq, ictimailəşdirmək imkanlarından kənara çıxmamağa çalışdıq. Faktlara, sənədlərə söykənməklə bir təsərrüfata – 90-dan yuxarı azərbaycanlı ailəsinə yaradılan problemləri sizlərin də diqqətinə çatdırdıq. Əlbəttə ki, bu tipli hallarla heç zaman qarşılaşmamaq ümidi ilə

P.S. Qarşı tərəflərin də məsələyə münasibətini elə sənəd və faktların dili ilə dinləməyə və ictimailəşdirməyə hazırıq.

REPORTYOR.info

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"