Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü Mahir Dərziyev Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı musavat.com-a açıqlama verib.
Mahir Dərziyev bildirib ki, özünün də üzvü olduğu “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sifarişi ilə aparılan eksitpolun nəticələrinə görə, birinci turda onların partiyasının üzvü olan Salome Zuraboşvilinin qələbə çalması gözlənilirdi.
“Gecə saat 3-ə işləmiş artıq seçkilərin demək olar ki, ilkin nəticələri elan olundu. Nəticələrə əsasən Salome xanım ümidləri doğrultdu.
Amma nəticələr ikinci turun zəruri olduğunu ortaya çıxardı. Onu da qeyd edim ki, səslər hələ tam sayılıb qurtarmayıb”- deyə Mahir Dərziyev bildirib.
M.Dərziyevin fikrincə, seçkilərin nəticələri gec bilinsə də, əsas mənzərə ya bu gün, ya da səhər axşama doğru artıq aydın olacaq.
Seçki prosesinin tam şəffaf keçdiyini qeyd edən Dərziyev bəzi müxalif qüvvələrin aranı qarışdırmaq istədiklərini qeyd edib: “Seçki prosesi o qədər şəffaf keçdi ki, müxalif qüvvələr seçkilərin saxtalaşdırılması ilə bağlı insanlara yalan məlumatlar verə bilmədilər.
Mən özüm 2012-ci ildə müxalif “Gürcü arzusu” partiyasının nümayəndəsi idim. O dövrdə bizə qarşı ciddi təhdidlər, zorakılıqlar olurdu, indi də xatırladıqca təəssüflənirəm. Amma hazırda müxalif partiyalar özləri də etiraf edirlər ki, nadir hallarda bu cür qanun pozuntuları ilə rastlaşırlar”.
Depuatat həmçinin Azərbaycandakı kütləvi informasiya vasitələrinin əksəriyyətinin Gürcüstandakı soydaşlarımızın problemi ilə maraqlanmasını yüksək qiymətləndirsə də, bəzi media nümayəndələrinin təhrif olunmuş informasiya verməsindən narazılığını dilə gətirib.
“Bizim partiyanın dəstəklədiyi Salome xanımın haqqında bəzi media orqanlarında qərəzli yazılar gedir. Guya bu xanım türk düşmənidir, müxtəlif ksenafob çıxışlar edir. Ancaq belə deyil. Bir örnək verim.
Müxalifətdən bir nəfər qanun layihəsi hazırlamışdı ki, Gürcüstanda etnik gürcü anlayışı qanunvericiliyə daxil olunsun. Bu da ayrı-seçkilik deməkdir, yəni gürcülərə ayrı imtiyazlar, üstünlüklər verilsin.
İlk öncə Salome xanım bu qanun layihəsini rədd etdi ki, biz Avropaya inteqrasiya ediriksə, bu qanun bizə ancaq utanc gətirə bilər.
Mən insanları əmin etmək istəyirəm ki, o xanımla bir komitədə işləyirəm. Yəni mən onun fəaliyyətinin özüm şahidi olmuşam“, –Mahir Dərziyev bildirib.
Mahir Dərziyevin sözlərinə görə, Salome Zurabişvili prezident seçilsə, öz səlahiyyətləri daxilində Azərbaycan və Gürcüstan xalqlarının dostluq və əməkdaşlığını davam edirəcək.
Onu da qeyd edək ki, yeni konstitusiyaya əsasən Gürcüstan parlament respublikasına keçib. Buna görə bütün səlahiyyətlər baş nazirin ixtiyarına verilib.