“S-400” – RUSİYA İLƏ MÜNASİBƏTLƏRDƏ SON NÖQTƏ: Türkiyə niyə geri çəkilə bilməz? – TƏHLİL

10 İyun 2019 - 16:00
155 oxunma

Aydınlık (Türkiyə), 07.06.2019

 

Maltəpə universitetinin müəllimi, beynəlxalq münasibətlər sahəsində ekspert, professor, doktor Həsən Ünal “Aydınlık”la söhbətdə Türkiyənin S-400 alqısı ətrafındakı mübahisələri şərh edib. Ünal qeyd edib ki, naməlum qaynaqlara istinadən birinci növbədə xarici KİV-lərdə dərc edilən məlumatlar vasitəsilə psixoloji savaş aparılır, bununla yanaşı, Türkiyə S-400 alqısından əl çəkməyəcək.

Ekspert hesab edir: “Problemin özü indi ABŞ-la münasibətlərdə yaşadığımız S-400 böhranı deyil, mövcud problemlərin nəticəsidir”.

Həsən Ünal hesab etmir ki, Türkiyə S-400 alqısı məsələsində geri çəkiləcək. “Xarici işlər nazirliyində bu ruhda bəyanatlar  verirlər, – o deyib. – Rusiyadan gələn bəyanatlar da göstərir ki, S-400-ün tədarükü plan üzrə gedəcək”.

Ünal davam edib: “Türkiyə Rusiyadan S-400 almaqdan əl çəkərsə, Türkiyə-Rusiya münasibətləri ciddi zədə alar. Biz təyyarənin məhvi ilə bağlı böhranın gedişindəkindən daha ağır durumla üzləşərik. Rusiya təyyarəsi vurulduqdan sonra turizmdə, tər meyvə və tərəvəz ixracatı sahəsində, tekstil ixracatında nələr baş verdiyini xatırlayırıq… O vaxtdan o qədər də çox zaman keçməyib. Bundan belə S-400 Rusiya ilə münasibətlərdə son nöqtədir”.

 

Sanksiyalar hədəsi

 

Ekspertin sözlərinə görə, bölgəmizdə bütün balanslar dəyişilir, bu şəraitdə S-400 alqısı məsələsində geri addım atılarsa, Türkiyə Rusiyanın da gözündə simasını itirir, ABŞ-ın gözündə isə asan yönəldilən ölkə kimi görünməyə başlayacaq.

Ünal ABŞ tərəfdən sanksiyalar hədəsini şərh edərək qeyd edib: “S-400 ABŞ və Türkiyə münasibətlərində yeganə problem deyil. Biz bir çox əsas məsələlər üzrə ABŞ-la toqquşuruq. Türkiyə Fəratdan şərqdəki bölgənin Kürdüstan Fəhlə Partiyası/“Demokratik Birlik” Partiyasından təmizlənməsini istəyir. ABŞ əleyhinədir. Türkiyə fəal hərəkətə keçsə və sanksiyalarla hədələnsə, nə olacaq? Deyər: “Şərqi Aralıq dənizində qazma işlərini dayandırmasanız, sanksiya qoyaram?” ya da “Kiprdə mənim istədiklərimi etməsəniz, sanksiya tətbiq edərəm?” Buna bənzər hələ çox problem var. İndi ABŞ-la münasibətlərdə yaşadığımız S-400 böhranı problemin özü deyil, mövcud problemlərin nəticəsidir”.

 

Təyin edilmiş qiymətlərə dəyməyən təyyarələr…

 

Ünal “Türkiyə S-400-ü alarsa, ABŞ F-35-i verməyəcək” hədəsi haqda sıradakı fikri deyib: “Türkiyə hətta S-400-dən imtina edərsə, ABŞ-ın F-35-i verib-verməyəcəyi hələ bəlli deyil. Çünki İsrail ABŞ-a basqı göstərir. İsrail istəmir ki, ABŞ bölgədə ondan savayı daha kiməsə F-35 versin. Bu arada daha bir məsələ var. F-35 təyin edilmiş qiymətə dəyməyən problemli təyyarədir. Bu, Amerika ekspertlərinin və dünyada bu məsələ üzrə səriştəli başqa mütəxəssislərin məruzələrində açıq səslənir. Ola bilsin, Türkiyə üçün hətta lap yaxşı olar ki, ABŞ F-35-ləri verməsin”.

 

Xarici informasiya agentliklərinin missiyası

 

Ünal habelə diqqət yetirir ki, xarici informasiya agentikləri gerçəkliyə uyğun olmayan xəbərlər dərc edir: ““Röyter” və başqa xarici informasiya agentlikləri Türkiyəyə qarşı psixoloji savaş aparır. Onların son günlərdə dərc etdikləri xəbərlərdən heç biri inandırıcı deyildi. “Adının çəkilməməyini istəyən Türkiyə məmuru...” sözlərilə başlanan məlumatlar gerçəklikdən uzaqdır. Onların hədəfi bəllidir – quraşdırma xəbərlər”.

 

Rusiyadan dəstək

 

Ekspert Şərqi Aralıq dənizindəki hadisələri və Rusiyanın mövqeyini dəyərləndirib: “Rusiyanın müdafiə naziri bu günlərdə çox önəmli açıqlama verib. O, Türkiyə ilə birlikdə S-500-ün mümkün ortaq istehsalı haqda məlumat verib. Su-57 təyyarələrinin birgə istehsalından danışıb. Bundan savayı, daha bir olduqca mühüm söz deyib: “Türkiyənin Şərqi Aralıq dənizində öz hüquq və maraqlarını qorumaq haqqı var. Və bunu etmək üçün hərbi potensialı var”. Bu bəyanat Şərqi Aralıq dənizində Türkiyəyə ən güclü, ən açıq dəstəkdir. Biz Türkiyənin çoxqütblü dünyada ya böyük üstünlük əldə edəcəyi, ya da, necə deyərlər, “iki məscid arasında namazsız qalacağı” bir dönəmə girmişik. Əsaslı oyun aparmağın vaxtıdır”.

Tərcümə Strateq.az-ındır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"